ABŞ hərbi gəmiləri növbəti dəfə Tayvan boğazından keçib

410

ABŞ-a məxsus iki hərbi gəmi növbəti dəfə Tayvan boğazından keçib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, ABŞ və Çin arasında ticari danışıqların davam etdiyi bir vaxtda bu növbəti əzələ nümayişi kimi qəbul edilir. Bununla bağlı bəyanat yayan ABŞ-ın Sakit okean donanmasının rəhbərliyi bildirib ki, “Stethem” esminesi və “Cesar Chaves” yük gəmisi fevralın 25-də Çinin materik hissəsi ilə Tayvan arasından keçib.

Sənəddə, həmçinin qeyd edilir ki, gəmilərin boğazdan keçidi ABŞ-ın Hind-Sakit okean regionunda azad və açıq hərəkətin təmin edilməsinə sadiqliyini nümayiş etdirir. Bildirilir ki, ABŞ hərbi-dəniz qüvvələri beynəlxalq qanunun icazə verdiyi bütün yerlərdə təyyarələrin uçuşunu, gəmilərin hərəkətini və digər əməliyyatları davam etdirəcək. ABŞ hərbi-dəniz qüvvələrinin gəmiləri ötən ilin noyabrında və bu ilin yanvarında da həmin boğazdan keçiblər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası bu regiona gəmilərin göndərilməsinin dövriyyəsini artırıb. Çin isə bu yaxınlarda Tayvan yaxınlığında bombardmançı təyyarələrin iştirakı ilə təlimlər keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır