Aral dənizinin qurudulmuş dibində meşə əmələ gəlib

63

Aral dənizinin qurudulmuş dibində 300 min hektar meşə sahəsi salınıb.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı Qleb Şegelski Aral ətrafı ərazinin iqtisadi, ekoloji və sosial məsələlərinin qanunvericilik yolu ilə tənzimlənməsi mövzusunda təşkil edilən dəyirmi masanın gedişində bildirib.

Deputatın sözlərinə görə, Aral regionunda hazırda 50 min hektara yaxın otlaq sahələri bərpa edilib. “Dənizin qurudulmuş dibində salınmış meşə sahələri 300 hektar təşkil edir. Bütün bunlar müsbət sosial-iqtisadi səmərəsini verib”, – deyə Qleb Şegelski bildirib. Lakin deputat qeyd edib ki, regionun bundan sonrakı sabitləşdirilməsi üçün hələ çox iş görülməlidir. “Bəli, biz Kiçik Aralı qorumağa nail olduq, lakin indi bu regionun su balansını saxlamaq, sahələrin sabit inkişafını, o cümlədən balıqçılığın inkişafını təmin etmək vacibdir”, – deyə Q.Şegelski əlavə edib. Verilən məlumatlara əsasən, bu gün regionda fəaliyyətdə olan balıq zavodlarının istehsal gücünün yalnız yarısından istifadə edilir. Deputat deyib: “İndi biz artıq bütün istehsal gücündən tam istifadə etmək, dənizin ekoloji tərkib hissəsinə və bioresursların dəstəklənməsinə əsaslanan peşəkar balıq ovunu inkişaf etdirmək, balıqçılıq sənayesinin balıq tutulmasından başlayaraq, balıq xammalının emalınadək tam silsiləsinin yaratmaq və eyni zamanda, balıq məhsullarını buraxmaq barədə düşünməliyik”. Daha əvvəl xəbər verilmişdi ki, bu regionda balıq ovunun illik həcmi 8 min tondan artıqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır