“Azərbaycan” qəzeti: Gəmiçiliyin inkişafında yeni-yeni nailiyyətlər qazanılır

71

Strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olan Azərbaycanın tranzit potensialının gücləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir.

Son illərdə xüsusən gəmiçiliyin inkişafında yeni-yeni nailiyyətlər qazanılır. Elə ötən həftə ilk neftdaşıyan tankerin tikintisinin növbəti mərhələsi üçün suya buraxılması uğurların tərkib hissəsidir.

Gövdə hissəsinin tikintisi 100 faiz tamamlanıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sifarişi əsasında inşa olunan “Laçın” neftdaşıyan tankerinin gövdə hissəsinin tikintisi 100 faiz tamamlanıb. Qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək.

Bu məqsədlə “Laçın” tankeri, zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb. Gəminin inşası tam başa çatdırıldıqdan sonra dəniz-istismar sınaqlarına başlanacaq. Bütövlükdə “Laçın” tankerinin bu ilin iyununda istismara təhvili planlaşdırılır.

Son 5 ildə 20 gəmi istismara verilib

Bu tip yeni nəsil tankerlərin uzunluğu 141 metr, eni 16,9 metr, hündürlüyü isə 6 metrdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan tankerlər iki ədəd hər biri 1,200 kW gücə malik “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib. 11 nəfərlik heyətlə idarə olunan bu gəmilər 10 uzellə hərəkət edir. Tankerlərin hər biri xam neft və neft məhsullarının daşınması üçün ümumi tutumu 9212 kubmetr olan 6 yük tankına malikdir. Unikallığı ilə seçilən bu üzən vasitələrin layihəsini Odessa Dəniz Mühəndisliyi Bürosu hazırlayıb.

Onu da əlavə edək ki, həmin mərasimdən sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə “Bakı Gəmiqayırma Zavodu” MMC arasında eyni tipli daha iki tankerin tikintisi üçün yeni müqavilə imzalanıb.

Hazırda isə Bakı Gəmiqayırma Zavodunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC üçün iki RST12C tipli yeni nəsil tanker, iki unikal “Ro-Pax” tipli (CNF-18C) gəmi-bərə tikilir. İnşası qrafikə uyğun davam etdirilən bu gəmilər növbə ilə 2020-ci ilin sonuna kimi təhvil veriləcək. ASCO tərəfindən son 5 ildə 20 müxtəlif təyinatlı gəmi alınaraq istismara verilib. Gəmiçiliyin donanmasının yenilənməsi planı çərçivəsində növbəti 10 ildə 70-dən çox gəminin alınması və Bakı Gəmiqayırma Zavodunda tikintisi planlaşdırılır. Bura tanker, quru yük, bərə, kran, sərnişin, dalğıc, təchizat-yedək, yedək, yanğınsöndürən, torpaqqazan, dibdərinləşdirən gəmilər daxildir.

Daha iki yeni tanker tikiləcək

Gəminin suya salınması mərasimində iştirak edən iqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan layihələr tranzit və logistika sahəsində Azərbaycanın regionda mövqeyini daha da gücləndirir. Bu siyasətin əsas istiqamətlərindən biri ölkənin coğrafi mövqeyindən istifadə etməklə onun nəqliyyat qovşağına çevrilməsidir.

Nazirin sözlərinə görə, ölkədə istehsal olunmuş ilk neft tankeri “Laçın” Xəzər Dəniz Gəmiçiliyi və Gəmiqayırma Zavodu arasında imzalanmış müqaviləyə uyğun olaraq tikintisi nəzərdə tutulan 4 gəmidən birincisidir.

Ümumiyyətlə, saziş Ro-Pax tipli iki gəmi və iki tankerin tikintisini nəzərdə tutur. Artıq tankerlərdən biri suya endirilib və onun tikinti işlərinin 90 faizi başa çatdırılıb. Tanker bu ilin iyun ayında tam hazır olacaq. Daha bir Ro-Prax tipli gəmi bu il istismara veriləcək, 2020-ci ildə isə növbəti gəmi tankerlə birlikdə istismara hazır olacaq. İmzalanan yeni sazişə əsasən isə hökumətin dəstəyi ilə daha iki yeni tanker tikiləcək. Onlar da 2021-ci ildə istifadəyə veriləcək.

Gəmilərinin sayına görə Xəzərdə ən böyük ticarət donanması

Bu reallıqlar sayəsində Azərbaycan donanması daha da güclənəcək və bu, əldə olunan üstünlüyün qorunmasına imkan verəcək. Gəmilərinin sayına görə, Azərbaycanın ticarət donanması Xəzərdə ən böyük ticarət donanmasıdır. Aparılan işlərin əsas məqsədi Azərbaycan üzərindən daşınan yüklərin daha da artırılmasıdır.

Yeni tankerin inşasını əhəmiyyətli hadisə adlandıran nazir vurğulayıb ki, hər il Türkmənistan, Rusiya, Qazaxıstan və Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Aralıq dənizi hövzəsinə 5 milyon ton neft nəql olunur. Azərbaycanın bu sahədə mövqeyini qoruyub saxlamaq üçün yeni tankerlərin tikintisi vacibdir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədri Rauf Vəliyev isə bu il 5 yeni gəminin alınacağını söyləyib. Bu gəmilərdən 2-si Bakı Gəmiqayırma Zavodundan, 3-ü isə kənar təşkilatlardan alınacaq. Son 5 ildə isə 20 müxtəlif təyinatlı gəmi alınaraq istismara verilib.

Bütün bunlar Azərbaycanın beynəlxalq nəqliyyat-tranzit imkanlarının daha da genişlənməsinə xidmət edir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyası əsasında həyata keçirilən belə uğurlu layihələr Azərbaycana böyük iqtisadi dvidendlər qazandıracaq.

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”