Mayorka sahillərində Qədim Roma dövrünə aid gəminin parçaları öyrənilir

37

Mayorkada Qədim Roma dövrünə aid gəminin öyrənilməsinin birinci mərhələsinin nəticələri təqdim olunub. Batmış gəminin parçaları Kala-Kastel buxtası və Port-de-Polyensa qəsəbəsi arasında – Polyensa sahillərində aşkar edilib.

Məlum olub ki, gəmi kirəmit daşıyırmış.

Bu rayonda ümumən 20-dən çox arxeoloji obyekt mühafizəyə götürülüb.

Arxeoloji tapıntılar arasında Yeni dövrə aid daha bir gəmi var. Bundan əlavə, arxeoloqlar dənizə atılmış külli miqdarda artefaktın, o cümlədən keramika parçalarının aşkar edildiyini bildiriblər. Bu, mütəxəssislərə gəmilərin fırtına və qasırğalardan xilas olmaq üçün istifadə etdiyi marşrutları təyin etməyə imkan verib.

Mütəxəssislər bu sualtı irsin qarət olunmasından ehtiyat edirlər. Bu məqsədlə qazıntı yerlərində müşahidə məntəqələri yaradılıb.

Tədqiqatlar davam etdiriləcək. Onların əsas hissəsi Alkudiya zonasında cəmləşəcək. 2020-ci ildə Kan-Pikafort və Kap-d`es-Freu zonaları tədqiq ediləcək.

Layihənin məqsədi obyektlərin vəziyyətini qiymətləndirən arxeoloji xəritələr tərtib etməkdən ibarətdir. Bu informasiya əsasında gələcəkdə sualtı irsin qorunub saxlanılması tədbirlərinə dair təkliflər işlənib hazırlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır