SOCAR-da məşhur neftçi Usta Pirinin 150 illik yubileyi qeyd olunub

386

Bu gün “SOCAR Tower”də məşhur qazma ustası, Azərbaycan neft sənayesi tarixində mühüm yer tutan Piri Dostməmməd oğlu Quliyevin (Usta Pirinin) 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Dövlət neft Şirkətindən (SOCAR) “Report”a verilən məlumata görə, tədbirdə SOCAR rəhbərliyinin təmsilçiləri, tanınmış qazma mütəxəssisləri və Usta Pirinin qohumları iştirak ediblər.

Usta Piri haqqında hazırlanmış film nümayiş etdirilib, Prezidentin fərdi təqaüdçüsü Rafiq Abdullayev, 1885-ci ildən Bakı Neft Şirkətində çalışmış Usta Piri və onun əmək fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, iyirminci əsrin əvvəlində dünyada neftə olan tələbatın yarısından çoxunu təmin edib: “İkinci dünya müharibəsində isə faşizm üzərində qələbənin əldə edilməsində xüsusi rol oynamış Azərbaycan neft sənayesinin inkişaf salnaməsində Piri Quliyev kimi əfsanəvi neftçilərimizin fəaliyyəti əhəmiyyətli yer tutur. Xalqımızın Usta Piri kimi zəhmətkeş övladları qədim tarixə malik olan Azərbaycanın neft sənayesini təcəssüm etdirir. Onların əzmkar ruhu, uca amalları bu gün də SOCAR-da çalışan gənc Azərbaycan neftçilərinin fədakar və yorulmaz fəaliyyətində yaşamaqdadır”.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə çıxış edərək deyib ki, Azərbaycanın neft sənayesinin 170 ildən artıq şöhrətli bir tarixi var: “Bu tarixi Usta Piri kimi istedadlı, işgüzar, əməksevər insanlar yaradıblar. Əbədiyyətə qovuşmuş görkəmli neftçilərin xatirəsinin SOCAR-ın baş ofisində keçirilən mərasimlərdə yad edilməsi artıq gözəl ənənəyə çevrilib. Neftçilərin müasir nəsli üçün belə tədbirlərin böyük əhəmiyyəti var. Bu gün SOCAR-da və onun müəssisələrində çalışanlar Usta Piri kimi şöhrətli neftçilərin xidmətləri barədə geniş məlumata malik olmalı, onların əmək ənənələlərini mənimsəyib davam etdirməli, müstəqil Azərbaycanın tərəqqisi işinə layiqli töhfələr verməlidirlər”.

AMEA-nın həqiqi üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Pərviz Məmmədov Usta Pirinin əmək fəaliyyətindən bəhs edib, ondan sonra gələn neftçi nəsillərinin Usta Pirinin təcrübəsindən bəhrələndiyini bildirib.

Quliyevlər ailəsi adından Usta Pirinin nəvəsi Piri Quluzadə çıxış edərək belə bir tədbirin keçirilməsinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Xatırladaq ki, Usta Piri kimi məşhur olan Piri Quliyev 2 mart 1869-cu ildə Əmircan kəndində doğulub. O, 1887-1904-cü illərdə əsas işçi, köməkçi qazma ustası, Balaxanı və Suraxanı yataqlarında qazma ustası, 1904-cü ildən isə baş qazma ustası vəzifələrində çalışıb. 1920-ci illərdə neft sənayesində qazma işlərinin bərpası dövründə böyük işlər görüb, 1924-1926-cı illərdə ABŞ-da işgüzar səfərdə olub. Onun rəhbərliyi altında Kaliforniyada Signal Hill şirkətində bir quyu qazılıb istifadəyə verilib. Usta Piri həmçinin Torrens neft yataqlarında, St Paul, Midfest-Rifaineri və Oklahoma şəhərində işləyib. ABŞ-ın neftçilərindən öyrəndiyi fırlanan qazma texnikasını keçmiş SSRİ-yə gətirərək tətbiq edən Piri Quliyev 1926-cı ildən – “Azneft” MMC-də Yeni yataqların kəşfiyyatı şöbəsinin müdiri olub, Qala və Qaraçuxur yatağlarının kəşf edilməsi və istismarı proseslərində yaxından iştirak edib. Neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Piri Quliyev 1938-ci ildə Əmək Qəhrəmanı fəxri adına layiq görülüb, Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilib. Usta Piri 1951-ci ildə dünyasını dəyişib.