“Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda tədbir təşkil edilib

354

Martın 12-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə maarifləndirmə tədbiri keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Qaradağ rayonunun Ələt qəsəbəsində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda təşkil edilən tədbirdə kiçikhəcmli gəmilərin istifadəçiləri iştirak ediblər.

İstifadəçilərə bu tip gəmilərin təchizat avadanlığı və istismar qaydaları barədə məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmilərin sürücülərinə kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları izah olunub.

Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlığı və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır