“Le Grande America” gəmisində yanğından sonra Fransanın sahil sularının çirklənmə təhlükəsi

84

İtaliyanın “Le Grande America” adlı gəmisində baş vermiş yanğın nəticəsində yaranmış ağır karbohidrogen yanacaq təbəqəsi bazar günü və ya bazar ertəsi Fransanın Cənub-Qərbində sahil sularına çatacağı ehtimal olunur.

AZƏRTAC-ın məlumatına görə, Fransanın ekoloji keçid üzrə naziri Fransua dö Rügi bu haqda məlumat verərək bildirib ki, maye yanacaq təbəqəsi tezliklə Fransanın Atlantik okeanı sahillərinə öz təsirini göstərəcək. Qəzadan yaranan çirklənmənin təsirini azaltmaq üçün dövlət bütün tədbirləri görür. Bu məqsədlə bu gün çirklənmənin qarşısını almaq üzrə ixtisaslaşdırılmış gəmi ölkənin Şarant-Maritim departamentinin La Roşel şəhərinə gətiriləcək.

Qeyd edək ki, uzunluğu 214 metr olan İtaliyanın “Le Grande America” gəmisində 2 min avtomobil, 45-şində təhlükəli maddə olmaqla 365 konteyner, 2 200 ton ağır maye yanacaq olub. Almaniyanın Hamburq şəhərindən çıxan gəmi Mərakeşin Kasablanka şəhərinə getməli idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır