Azərbaycan OPEK+ sazişi çərçivəsində göstəricilərini daha da yaxşılaşdıracaq

334

“Gələn ay Azərbaycanın neft hasilatının azaldılması barədə OPEC+ sazişinin icrası ilə bağlı göstəriciləri daha da yaxşı olacaq”.

DenizXeber.az Trend-ə istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, son iki il yarım ərzində Azərbaycan OPEC+ sazişi çərçivəsində öhdəliklərini artıqlaması ilə yerinə yetirib:

“Ötən ilin dekabrında Azərbaycan üzərinə yeni öhdəliklər götürdü. Bu ilin ilk yarısı ərzində Azərbaycan öz öhdəliklərini tam yerinə yetirəcək. Artıq gələn ay nəticələr daha yaxşı olacaq”.

P.Şahbazov əlavə edib ki, martın 17-18-də Bakıda keçirilmiş hər iki OPEC tədbiri uğurla keçdi: “Azərbaycan OPEC+ formatının fəal üzvü kimi neft bazarında balansın qorunmasına öz töhfəsini verib. Azərbaycan bu sazişi gələcəkdə də dəstəkləyəcək”.

Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilib. Toplantıda 14 neft istehsalçısı olan ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub.

İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilib, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilib.