Liviya sahillərində batan qayıqda ən azı 10 miqrant həlak olub

374

Liviyanın şərqindəki Sabratha şəhərinin sahillərində batan qayıqda ən azı 10 miqrant həlak olub.

AZƏRTAC “Ruters” agentliyinə istinadla xəbər verir ki, bu məlumatı Liviyanın təhlükəsizlik xidməti yayıb. Batmış daha 17 miqrantın axtarışı üzrə əməliyyat tədbirləri davam edir. Xidmətin sözçüsü Aiman Dəbbaşi bildirib ki, Sabratha yoxsulluqdan və aclıqdan Avropa ölkələrinə köç edən insanlar üçün əsas toplaşma məntəqəsidir. Onun sözlərinə görə, burada İtaliya və Avropa İttifaqının maliyyə dəstəyi ilə sərhəd mühafizə tədbirləri xeyli gücləndirilib. “Lakin qanunsuz miqrantları daşıyan qayıqların dənizə çıxmasının qarşısı alınmayıb. Sudandan olan və qayıqdan sağ qurtulmuş miqrantın dediyinə görə, qayıqda 27 nəfər olub və onlar Zuvaraf şəhərinə doğru hərəkət ediblər. Amma biz ölənlər istisna olmaqla, qalanlardan xəbər ala bilmirik”, -deyə Dəbbaşi agentliyə müsahibəsində qeyd edib. O əlavə edib ki, həmin miqrantlar Afrikanın Səhra bölgəsindən olan insanlardır.

Birləşmiş Millətlər Təşkilatının miqrasiya agentliyi (IOM) bildirib ki, batan qayıqdan xilas edilən 15 nəfər xəstəxanaya çatdırılıb, 10 nəfər həlak olub, daha 2 miqrant isə itkin düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır