ABŞ şirkətləri mayeləşdirilmiş təbii qazın Çinə ixracında çətinliklə üzləşib

345

Rəsmi Vaşinqton və Pekin arasında ticarət münaqişəsi ABŞ şirkətlərinin Çinə mayeləşdirilmiş təbii qaz ixracında çətinlik yaradıb. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maye qaz ixracı üzrə ixtisaslaşmış “Cheniere Energy” şirkətinin kommersiya əməliyyatları üzrə məsul şəxsi Erik Bensaud bildirib.

Onun sözlərinə görə, iki ölkənin münasibətləri pisləşəndən bəri Çindən olan alıcılarla danışıqlarda irəliləyiş yoxdur. 

“Onlar yeni müqavilələr bağlamamaqla bağlı təlimatlar alıblar”, – deyə E.Bensaud qeyd edib. 

Xatırladaq ki, Çin dünyada Yaponiyadan sonra mayeləşdirilmiş təbii qazın ən iri idxalçısıdır. 2018-ci ildə bu ölkənin sözügedən yanacağa tələbatı, təxminən, 40% artaraq 54 mln. tona çatıb.

Ötən il “Cheniere” şirkəti Çinin “China National Petroleum Corporation” (CNPC) dövlət şirkəti ilə ildə 1,2 mln. ton həcmində mayeləşdirilmiş təbii qazın tədarükü ilə bağlı 25 illik müqavilə bağlayıb. Ancaq ABŞ-da ticarət münaqişəsi başladıqdan sonra ötən il Çin mayeləşdirilmiş təbii qazın idxalına 10%-lik rüsum tətbiq edib, həmçinin Qətər və Avstraliyadan alışı artırıb.

Bununla belə, E.Bensaud problemə nisbi yanaşır və hesab edir ki, ABŞ və Çin mübahisəni həll etdikdən sonra vəziyyət normallaşacaq. Onun fikrincə, mayeləşdirilmiş təbii qaz mütləq şəkildə ticari razılaşmanın bir hissəsi olacaq. Çünki bu məhsulun tədarükü ABŞ-ın Çinlə ticarətində kəsiri azaldacaq. “Hər şey iki nəfərdən asılıdır”, – deyə şirkət rəsmisi  ABŞ Prezidenti Donald Tramp və Çin sədri Si Tsinpini nəzərdə tutaraq bildirib.

Bu arada, ötən gün Pekində ticarət danışıqlarının növbəti mərhələsi yekunlaşıb. Növbəti danışıqlar gələn həftə Vaşinqtonda keçiriləcək. Çin rəsmiləri ümid edirlər ki, aprelin sonuna qədər razılığa gəlmək mümkün olacaq. Bununla yanaşı, danışıqların may və iyun aylarında da davam etdiriləcəyi istisna edilmir.