“Cəlil Məmmədquluzadə” tankeri əsaslı təmir edilib

70

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus 8 min tonluq “Cəlil Məmmədquluzadə” tankeri əsaslı təmir olunub.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan işlər başa çatdırılıb. Təmir müddətində gəminin sualtı, suüstü hissəsi, göyərtəsi, maşın şöbəsi təmizlənib və rənglənib. Baş mühərrik, köməkçi mühərriklərdə və nasoslarda təmir işləri görülüb. Maşın şöbəsində və baş göyərtədə boru sistemlərində yararsız hissələr dəyişdirilib. Həmçinin gəmi üzrə elektrik-quraşdırma işləri yerinə yetirilib. Bununla belə, gəminin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar da yenilənib. “Cəlil Məmmədquluzadə” tankeri artıq dəniz sınağından uğurla çıxıb və yenidən yükdaşımalara cəlb edilib.

Qeyd edək ki, ASCO-nun tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan gəmilərlə zənginləşməsinə xüsusi fikir verilir. Hazırda Bakı Gəmiqayırma Zavodunda ASCO üçün iki yeni tanker tikilir. Onlardan biri – “Laçın” tankeri inşasının növbəti mərhələsininin həyata keçirilməsi məqsədi ilə bu günlərdə suya buraxılıb. Sözügedən tanker bu ilin iyununda tam istismara veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır