Üzən günəş panelləri sistemi ilə bağlı pilot layihəni həyata keçirəcək məsləhətçi şirkətlər seçilib

359

Azərbaycanda üzən günəş panelləri sistemi ilə bağlı pilot layihəni həyata keçirəcək 3 məsləhətçi şirkət artıq seçilib. Bunu Energetika Nazirliyindən bildiriblər.

Məlumata görə, “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsinin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir: “Asiya İnkişaf Bankı (AİB) tərəfindən beynəlxalq məsləhətçi şirkət kimi EQO-NIXUS və S.L.U şirkətləri, yerli məsləhətçi şirkət kimi “Azerbaijan Energy Engineering and Consulting” MMC seçilib”.

Bildirilir ki, bu ilin yanvar ayında AİB tərəfindən layihənin “Üzən günəş enerjisi texnologiyalarının inkişafı” adlı ilkin hesabatı təqdim olunub. Pilot layihəsinin icrası istiqamətində seçilmiş beynəlxalq məsləhətçi şirkətinin EQO-NIXUS nümayəndəsi mart ayında ölkəmizdə səfərdə olub, nazirliklə və aidiyyəti qurumlarla görüşlər keçirilib və müzakirələr aparılıb. Hazırda işlər layihənin icrasına başlanılması üçün torpaq sahəsinin ayrılması, suyun səthindən istifadəyə icazə verilməsi, habelə qanunvericiliklə nəzərdə tutulmuş icazə və rəylərin verilməsi mərhələsindədir.

Nazirlikdən bildiriblər ki, podratçı şirkətin seçilməsi ilə bağlı tender proseduru yekunlaşmadığı üçün tikintini keçirən şirkət məlum deyil. Bu prosesin yaxın vaxtlarda başa çatacağı, layihənin texniki-iqtisadi əsaslandırlmasının yaxın vaxtlarda yekunlaşacağı gözlənilir. Layihə Asiya İnkişaf Bankının texniki və maliyyə dəstəyi ilə həyata keçirilir.

Məlumatda deyilir ki, layihə 3 ölkədə – Azərbaycan, Qırğızıstan və Əfqanıstanda həyata keçirilir və ümumi dəyəri 3 mln. ABŞ dollarıdır: “AİB tərəfindən Energetika Nazirliyinə “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt-a qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur. Layihənin icrasında hər hansı bir gecikmə yoxdur və nəzərdə tutulan vaxtda yekunlaşdırlması gözlənilir, deyə qurumdan qeyd ediblər.

Qeyd edək ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi hədəfinə uyğun olaraq nazirlik AİB-in dəstəyi ilə üzən günəş panelləri sistemi ilə bağlı pilot layihə həyata keçirəcək. Nazirlər Kabineti “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” adlı pilot layihənin icrasına icazə verib. Layihə çərçivəsində Böyükşor gölündə hər biri 100 kilovata qədər gücə malik olacaq 3 ədəd fotovoltaik sistemin quraşdırılması, həmçinin günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədilə biznes modellərin formalaşdırılması, bu sahədə milli potensialın gücləndirilməsi, eləcə də müasir norma və prinsiplərin tətbiq edilməsi nəzərdə tutulur.

Energetika Nazirliyi alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə mövcud potensialın qiymətləndirilməsi, bu istiqamətdə həyata keçiriləcək layihələrin müəyyənləşdirilməsi və beynəlxalq təşkilatlarla əməkdaşlıq əsasında qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı kompleks tədbirlər görür.