Gürcüstan dəmir yolları ilə konteyner daşımalarının həcmi rekord həddə çatıb

324

Bu ilin birinci rübündə Gürcüstanın dəmir yolları ilə 2,5 mln. ton yük daşınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC məlumat yayıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə yük daşımalarının həcmi 105 min ton artıb. Buna səbəb quru yük və konteyner daşımalarının əhəmiyyətli dərəcədə artmasıdır.

Hesabat dövründə qonşu ölkənin dəmir yolları ilə 1,48 mln. ton quru yük (+9%) və 18 min konteyner (+31%) daşınıb. Daşınan konteynerlərin həcmi tarixi maksimuma çatıb. 2017-ci ilin I rübündə dəmir yolları ilə 7 min, 2018-ci ilin I rübündə isə 13 min konteyner daşınıb. Konteyner daşımalarının artmasını tranzit daşımalarının çoxalması şərtləndirib.

Yanvar-mart aylarında Gürcüstan konteyner daşımalarından 2 mln. 339 min dollar gəlir əldə edib ki, bu da illik müqayisədə 566 min dollar çoxdur.