Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Varvara Balıq” ASC-nin səhmlərinin 100%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib.
“Report” Komitəyə istinadən xəbər verir ki, müsabiqə “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” ölkə Prezidentinin 19 iyul 2016-cı il tarixli fərmanını icra etmək məqsədi ilə “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və dövlət başçısının 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq elan edilib.
Müsabiqədə yerli hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcək.
“Varvara Balıq” 1956-cı ildə yaradılıb, Yevlax rayonunun Varvara kəndində yerləşir. Səhmdar cəmiyyəti balıqartırma və balıqyetişdirmə ilə məşğuldur. Onun nizamnamə kapitalı 3,018 milyon manatdır ki, bu məbləğ də hər birinin nominal dəyəri 2 manat olan 1,509 milyon ədəd sənədsiz, adlı səhm əsasında formalaşıb. Bu səhmlərin hamısı investisiya müsabiqəsinə çıxarılıb.
18 nəfər işçisi olan müəssisənin 3 898 manat öhdəliyi var ki, bunun da 3 737 manatı əmək haqqı və ona bərabər tutulan borclar, 161 manatı isə sair borclardır. Debitor borclar yoxdur.
İddiaçılar ƏMDK-ya azı 5 milyon manatlıq investisiya proqramı təqdim etməli, azı 150 yeni iş yerinin yaradılması, səhmlərin alqı-satqı müqaviləsi imzalandığı tarixdən etibarən 2 ay ərzində təklif edilən investisiyanın 5%-i qədər pul vəsaitinin səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsi, dövlət büdcəsinə 1,25 milyon manat pul ödənilməsi barədə təkliflər verməlidir.
Bundan başqa, iddiaçılar qarşısında Komitəyə 400 min beh ödəmək tələbi də qoyulub. Qalib gəlmiş iddiaçının ödədiyi məbləğ gələcəkdə nəzərə alınacaq, qalib gəlməyən iddiaçıların ödədiyi məbləğlər isə geri qaytarılacaq.
İddiaçılar səhmdar cəmiyyətinin Özəlləşdirmə planı (Emissiya prospekti) ilə tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün mayın 15-nə qədər ƏMDK-nın inzibati binasına müraciət edə bilərlər. Onların ərizə və təklifləri də həmin tarixə qədər qəbul ediləcək. Təkliflərin qiymətləndirilməsi isə mayın 17-də, saat 15:00-dan başlayaraq Komitədə həyata keçiriləcək.