“Şüvəlan” təchizat-yedək gəmisi əsaslı təmir edilib

432

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Şüvəlan” təchizat-yedək gəmisi əsaslı təmir olunub.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, “Bibiheybət” Gəmi Təmiri zavodunda aparılan işlər vaxtında və yüksək keyfiyyətlə başa çatdırılıb. Gəminin baş və köməkçi mühərriklərində cari təmir işləri aparılıb, yağ seperatoru, su-yağ soyuducuları, boru sistemləri, dayanacaq mühərriklərinin generatorları, mexanizm və elektrik avadanlıqlarının elektrik idarəetmə və qorunma sistemləri təmir olunub, xilasedici qayığın kran-balkasının sınaq işləri həyata keçirilib. Həmçinin, gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqlar, istirahət otağı və kayutalarda zəruri işlər görülüb.

Tərsanə təmiri zamanı isə gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir edilib. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gövdənin qorunması üçün cizgi əsasında yeni metal qoruyucu tirlər quraşdırılıb və gəmi üzrə rəngləmə işləri yerinə yetirilib.

Təmirdən sonra “Şüvəlan” dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla tamamlanan gəmi yenidən istismara qaytarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır