TANAP-la Avropaya təbii qaz nəqlində son mərhələyə başlanılıb

330

Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qazın Avropaya ötürülməsinə və bölgənin təbii qaz təchizatına töhfə verəcək TANAP-ın Əskişəhərdən Ədirnə-İpsalaya qədər uzanan 2-ci fazasında son mərhələyə başlanılıb.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çərçivəsində bu il aprelin 15-dən etibarən sistemə qaz verilməyə başlanıb. Cari ilin iyununda sistemin istismara hazırlıq işlərinin tamamlanması və Avropaya sınaq məqsədilə qazın nəqli üçün hazır vəziyyətə gətirilməsi planlaşdırılır.

Ötən ilin iyununda keçirilən beynəlxalq açılış mərasimindən sonra işə salınan və birinci fazası çərçivəsində Türkiyəyə qaz nəqlinə başlanan TANAP layihəsinin 2-ci fazası da son mərhələyə daxil olub. Bu faza Avropaya qaz nəqli məqsədilə kəmərin Əskişəhərin Seyitgazi bölgəsindən başlayaraq Ədirnənin İpsala bölgəsinə qədər uzanan və Türkiyə-Yunanıstan sərhəddində bitən hissəsinin inşasını əhatə edir.

TANAP-ın iyunun sonunda Avropaya qaz nəqli üçün hazır vəziyyətə gətirilməsindən sonra Cənub Qaz Dəhlizinin son həlqəsi olan, Türkiyə-Yunanıstan sərhədindən başlayaraq İtaliyaya qədər uzanan “Trans-Adriatik” (TAP) boru kəmərinin tikintisinin tamamlanması və qaz axını üçün hazır vəziyyətə gətirilməsi gözlənilir. TANAP vasitəsilə Avropaya kommersiya məqsədli qaz nəqlinin TAP-ın istismara verilməsi üzrə işlər tamamlanandan sonra 2020-ci ilin ortalarında başlaması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır