Antarktikada aşağı buludluluq dəniz buzunun əmələ gəlməsinə şərait yaradır

82

Beynəlxalq alimlər qrupu bəyan edib ki, Antarktikada aşağı buludluluq dəniz buzunun əmələ gəlməsinə şərait yarada bilər.

AZƏRTAC bu barədə Sinxua agentliyinə istinadla xəbər verir.

“Journal of Geophysical Research-Atmospheres” elmi jurnalında dərc edilən məqalədə iqlim istiləşmələri səbəbindən Arktikadakı buz örtüyünün sürətlə azalmasından fərqli olaraq, son 40 ildə Antarktikada dəniz buzu sahəsinin bir qədər genişləndiyi bildirilir.

Çin və ABŞ-dan olan alimlərin aşkarladıqları kimi, Antarktikada dəniz buzu sahəsinin əhəmiyyətli dərəcədə genişlənməsi əsasən 2011-ci ildən 2012-ci ilədək olan dövrdə baş verib.

“Peyk məlumatları əsasında yaradılmış termodinamik modelin köməyi ilə biz Antarktikada dəniz buzunun tədqiqatını apardıq”, – deyə Çin Elmlər Akademiyası Okeanologiya İnstitutunun əməkdaşı Van Yunhe bildirib.

Tədqiqatların nəticələrinə görə, aşağı buludluluq dəniz səthinin soyumasına gətirib çıxarıb ki, bu da buzun əmələ gəlməsinə səbəb olub.

“Bulud sanki istini qış ayında saxlayan pərğu döşəkdir. Deməli, bulud nə qədər azdırsa, isti bir o qədər çox itirilir. Regionda 2011-2012-ci illərdə dəniz buzu sahəsinin əhəmiyyətli dərəcədə genişlənməsi məhz bununla izah edilir”, – deyə institutun digər əməkdaşı Bi Haybo fikirlərini bölüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır