Elmi-Texniki Konfransın qonaqları artıq paytaxtımıza gəlməyə başlayıb

101

Bu ilin 2-3 may tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Beynəlxalq elmi-texniki konfrans keçiriləcək. Konfransda Azərbaycanla yanaşı Rusiya, Türkiyə, Bolqarıstan, Qazaxıstan və s. ölkələrin elm nümayəndələri iştirak edəcək.


DenizXeber.az  Azərbaycan Dövlət Dəniz Akademiyasının saytına istinadən məlumat verir ki,  Konfransın bəzi iştirakçıları artıq Bakıdadır. Bolqarıstan-Qazaxstan Təhsil Forumunun direktoru, bolqarıstanlı alim, professor Nikolay Buyukliyev bu gün ADDA-da olub.  Akademiyanın rəhbərliyi ilə görüşən N. Buyukliyev Azərbaycan Dövlət Dəniz Akademiyasının təkcə ölkəmizdə deyil, xaricdə də böyük nüfuza malik olduğunu bildirib. Bundan sonra da Akademiyanın Avropa təhsil ocaqları ilə əlaqələrinin daha da sıx olacağına ümidvar olduğunu qeyd edib. Qonaq belə əlaqələrin Bolqarıstanın Varna şəhərində yerləşən Dəniz Akademiyası ilə qurulması perspektivlərini ADDA rəhbərliyi ilə müzakirə edib. ADDA ilə Varna Dəniz Akademiyası arasında “İkili diplom” məsələləri mövzusunda fikir mübadiləsi aparılıb.

Sonra N. Buyukliyev Akademiya ilə yaxından maraqlanıb. Əvvəlcə o, Akademiyanın əsas binasında yerləşən Heydər Əliyev muzeyi ilə tanış olaraq Ümumilli Liderin xatirəsini ehtiramla yad edib. Sonra qonağa ADDA-nın auditoriyaları ilə yanaşı, laboratoriya və trenajor otaqları da göstərilib.

Qeyd edək ki, N. Buyukliyev ADDA-da olduğu müddətdə akademiyanın tələbələri üçün “Təhsildə kreativ təfəkkür” mövzusunda master-klass da keçirəcək.