“Şimal axını-2” qaz kəməri məsələsi hakim partiyada fikir ayrılığına səbəb olub

96

“Şimal axını-2” boru kəmərinin tikintisi məsələsi Xristian-Demokratlar İttifaqında (XDİ) tam fərqli fikirlər doğurur.

AZƏRTAC xəbər verir ki, məsələn, partiyanın rəhbəri Anneqret Kramp-Karrenbauer “dpa” agentliyinə müsahibəsində bu layihəni dəstəklədiyini bildirib. O, öz mövqeyini belə əsaslandırıb ki, Almaniya kömürdən və atom enerjisindən istifadə olunmasından imtina etdiyi şəraitdə təbii qazın alternativi yoxdur. Bununla bərabər, partiya rəhbəri Ukraynanın və Polşanın narahatlıq keçirməsinin səbəbini başa düşdüyünü bildirib və qeyd edib ki, AFR hökuməti bu dövlətlərin təhlükəsizliyinin təmin edilməsi üzərində işi davam etdirəcək.

Avropa Parlamentinə qarşıdakı seçkilərdə XDİ partiyasının digər nümayəndəsi Manfred Veber isə bu yaxınlarda Polşa KİV-lərinə verdiyi müsahibədə bildirib ki, o, seçiləcəyi təqdirdə qaz kəməri tikintisini dayandıracaq. Onun fikrincə, bu layihə Avropa İttifaqı üçün sərfəli deyil, çünki o, Avropanın bir qaz təchizatı mənbəyindən asılılığını daha da gücləndirər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır