İber-Amerika xəbər portalı Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Avropa ilə əməkdaşlığından yazıb

73

Dünya energetika bazarından informasiyalar yayan İber-Amerika www.worldenergytrade.com xəbər portalında “Bakı limanı Avropanın iri logistika mərkəzi ilə əməkdaşlığa başlayır” sərlövhəli məqalə yerləşdirilib.

Məqalədə bildirilir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Niderlandın Venlo şəhərində Avropanın ən böyük logistika və nəqliyyat qovşaqlarından biri olan aparıcı şirkətlərin koalisiyası ilə əməkdaşlığa dair saziş imzalayıb. Sazişdə Cabooter Group, SMART logistika mərkəzi, Limburq İnkişaf Şirkəti və Greenport Venlo kimi holland şirkətləri ilə əməkdaşlıq nəzərdə tutulur.

Qeyd olunur ki, sazişin imzalanması mərasimində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bu əməkdaşlıq nəticəsində tanınmış Avropa şirkətlərinin Bakı limanına cəlb olunacağından məmnunluğunu ifadə edib.

Almaniya sərhədinin yaxınlığında yerləşən Venlo şəhərində dünyanın ən iri şirkətlərinin distributor ofisləri fəaliyyət göstərir. Avropanın Rotterdam, Antverpen və Amsterdam kimi iri limanlarına daxil olan yüklərin əksəriyyəti Venlo nəqliyyat habına çatdırılır və oradan bütün qitəyə paylanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır