ABŞ Fars körfəzinə daha bir hərbi gəmi göndərib

54

ABŞ Fars körfəzinə daha bir hərbi gəmi və “Patriot” hava hücumundan müdafiə sistemi göndərib.

AZƏRTAC xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bu addımını İranın Fars körfəzində hərbi fəallığının artması ilə izah edib.

Xatırladaq ki, bundan əvvəl Pentaqon Fars körfəzinə “Avraam Linkoln” hərbi təyyarə daşıyan gəmisini və Qətərdəki hərbi bazasına isə qırıcı təyyarələrini göndərib. Artıq təyyarələr Qətərdəki hərbi bazaya yerləşib. “Avraam Linkoln” gəmisi isə Aralıq dənizində körfəzə doğru hərəkət edir.

Bu arada ABŞ Prezidenti Donald Tramp İranı yenidən danışıqlar masası arxasına dəvət edib. Ağ evdə keçirdiyi mətbuat konfransında jurnalistin “İran ilə hərbi toqquşma gözlənilirmi”? sualını cavablandıran D.Tramp bildirib ki, “Mən yox demək istərdim. Lakin İranın özünü necə aparmasından çox şey asılıdır”.

İran rəsmiləri ABŞ Prezidentinin danışıqlar haqqında son çağırışına hələlik münasibət bildirməyiblər. Lakin məlumdur ki, ötən il BMT-nin Nyu-Yorkda keçirilən sessiyasında iştirak edən Prezident Həsən Ruhani ABŞ Prezidenti ilə görüşmək üçün bir neçə dəfə dəvət alsa da, qəbul etməyib. Ötən il görüş təklifi diplomatik kanallarla edilib. Bu il isə Prezident Donald Tramp şəxsən özü İran Prezidenti ilə görüşməyi təklif edib. D.Tramp bildirib ki, “İstəyirəm, İran tərəfi mənə zəng etsin və danışaq”. Hələ o zaman İran rəsmiləri bildiriblər ki, ABŞ və Prezident Tramp əldə edilən razılaşmaya əməl etmir və sözünün üstündə durmur. Buna görə də onunla danışıqlar aparmaq əbəsdir.

Beləliklə, Yaxın Şərq regionunda yeni hərbi münaqişənin başlanacağı haqqında beynəlxalq mətbuatda fikirlər dolaşır. Lakin nəzərə almaq lazımdır ki, ötən 40 il ərzində İran ilə ABŞ arasında münasibətlər bundan da gərgin vəziyyətə düşüb. Lakin heç bir hərbi toqquşma baş verməyib. Hətta 2016-cı ildə ABŞ-ın 12 dəniz piyadasının Fars körfəzində İran hərbçiləri tərəfindən həbs edilməsi də hərbi qarşıdurma yaratmadı. Bir aya yaxın İranda saxlanılan ABŞ hərbçiləri azad edildi və insident başa çatdı.

İran və ABŞ mətbuatında yer alan materiallarla tanış olduqdan sonra belə nəticəyə gəlmək olar ki, tərəflər hərbi güc nümayiş etdirməklə bir-birilərinə psixoloji təsir göstərməyə çalışırlar. Lakin bu təsir effekt verməyəndə silahlar açıla bilər. Hələlik isə gərginlik davam edir. Bu gərginliyin nə ilə nəticələnəcəyini isə zaman göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır