İcazəsiz balıq ovu ilə məşğul olan şəxslərlə bağlı 42 iş hüquq-mühafizə orqanlarına göndərildi

366

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu ilin 4 ayı ərzində icazəsiz balıq ovu ilə məşğul olan, qadağan olunmuş ov alətlətindən istifadə edən, nəzərdə tutulmayan yerlərdə balıq ovlayan şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına 42 iş göndərib.

Trend-in məlumatına görə, Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda balıqların kürütökmə dövrü olduğu üçün sentyabrın 1-dək sənaye balıq ovu qadağan edilib. Lakin brakonyerlər tərəfindən yenə də balıq ovlanması halları müşahidə olunur:

“Niyə balıqçılar düşünmürlər ki, kürütökmə dövründə balığın ovlanması onun kökünün kəsilməsi deməkdir? Məgər bunun üçün hansısa elmi yanaşmaya ehtiyac var? Hamıya bəllidir ki, kürüsü olan balıq ovlanırsa, yüzlərlə körpə balıq məhv edilir. Nəticədə ildən-ilə balıq növlərinin sayı azalır. Bu da ölkənin balıq ehtiyatlarının məhvinə şərait yaradan bir hərəkətdir. Anlamalıyıq ki, balıqların kortəbii ovlanması az bir vaxtda qarşısıalınmaz fəsadara səbəb olacaq”.

İ.İbrahimova qeyd edib ki, brakonyerlərin qarşısını almaq üçün mütəmadi reydlər keçirilir. Amma bir-iki qurumun əməkdaşının dənizin və çayların bütün nöqtələrini qoruyub brakonyerləri aşkar etməsi fiziki olaraq mümkün deyil, bu işdə cəmiyyətin bütün təbəqələrinin sayıqlığı vacibdir:

“Bir məsələni də qeyd etmək istərdim ki, bir çox hallarda bəzi vətəndaşlar rastlaşdıqları brakonyerlərin görüntüsünü çəkərək yayırlar. Düzdür, bu da lazımdır, lakin bundan daha önəmlisi onları qınaq etmək, dərhal polisə və ya Nazirliyə məlumat verməkdir. Məncə, bu cür yanaşma daha effektiv və faydalı olar”.

Qeyd edək ki, balıq və digər su bioresurslarının sənaye məqsədləri ilə ovlanması kürütökmə dövrü ilə əlaqədar Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən daxili su hövzələrində aprel ayının 1-dən, Xəzər dənizində isə may ayının 1-dən sentyabr ayının 1-dək qadağandır.