Mübariz Mənsimov İstanbulda İftar məclisi təşkil etdi – “Şuşada iftar verəcəyimiz gün uzaqda deyil”

38

“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov bu il də ənənəsinə sadiq qalıb. İstanbulda Türkiyə və Azərbaycandan olan iş adamları ilə azərbaycanlı tələbələr üçün ənənəvi iftar mərasimi keçirib.

Yenicag.az xəbər verir ki, Türkiyənin biznes və sənət dünyasından olan tanınmışların qatıldığı iftar yeməyində azərbaycanlı tələbələr üstünlük təşkil edib. İftar zamanı azərbaycanlı tələbələr üçün doğma atmosfer yaradılıb. Mübariz Mənsimov tələbələrin təhsili və yaşamları ilə yaxından maraqlanaraq, onların problemlərini dinləyib.

İş adamı tələbələrə necə kömək edə biləcəyini, onların ehtiyaclarını şəxsən öyrənib və gənclərin həyata keçirmək istədiyi layihələrə əlindən gələn dəstəyi verəcəyini açıqlayıb.

Bu barədə öz sosial media hesabında da yazan azərbaycanlı messenat Qarabağ üçün birlik mesajı verib: “Könüllərin mərhəmətlə dolduğu, ən sərt ürəklərin belə iman atəşi ilə isindiyi, sevgi və sayğının simvolu olan Ramazan ayındayıq. 11 ayın sultanı olan bu ayda bütün dualar gül ətri ilə bəzənir. Biz də könülləri bir araya gətirdik. Hər il olduğu kimi “Palmali” Türkiyənin dörd bir yanından tələbələrimizi iftarda birləşdirdi. Azərbaycan qoxulu daha bir iftar süfrəsində dualar edildi, dostluqlar təzələndi. Birlik, bərabərliyimiz və həmrəyliyimizi bütün dünyaya göstərmək üçün ən gözəl nümunədir iftar süfrələri. Kimsənin kimsədən üstün olmadığı, Allaha inanc, insanlara sevgi ilə yanaşılan bu ayda Azərbaycanla birlikdə olmaq, azərbaycanlıları qucaqlayıb, bağrımıza basmaq çox qürurvericidir. Biz bir olduqdan sonra heç bir qüvvə qarşımızda duruş gətirə bilməz. İnanırıq ki, məhz bu gənclərimizlə bir gün Şuşada, Cıdır düzündə bir araya gələcək, üç rəngli, ay-ulduzlu bayrağımızın altında iftar süfrəsində bir araya gələcəyik. O gün uzaqda deyil. Allah bütün ibadətlərinizi qəbul etsin!..”

Qeyd edək ki, iftar məclisində iştirak edən tələbələr Mübariz Mənsimova “Traktor Sazi”nin formasını hədiyyə ediblər.