Dəniz Akademiyasının rektoru imtiyazlı tələbələrlə görüşüb

460

DenizXeber.az  Azərbaycan Dövlət Dəniz Akademiyasının saytına istinadən məlumat verir ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov bu təhsil ocağının imtiyazlı tələbələri ilə görüşüb. Qeyri-rəsmi, səmimi söhbət formasında keçən görüşdə rektor bildirib ki, valideyn himayəsindən məhrum olmuş, bir və ya hər iki valideynini itirmiş gənclərin qayğıları daim onun diqqət mərkəzindədir. Akademiya rəhbərliyi bütün tələbələrlə yanaşı, valideyn himayəsindən məhrum olmuş tələbələrin də tədris və sosial-məişət problemlərinin həllinə tam ciddiliyi ilə yanaşır. Bununla bərabər tələbələrin də üzərinə böyük məsuluyyət düşür. Onlar öz növbələrində dərslərini yaxşı oxumalı və indidən gələcək karyeraları, perspektivləri barədə düşünməlidirlər.

Sonra H.Əsədov görüşdə iştirak edən tələbələrlə bir-bir tanış olub və onların ailə vəziyyətləri ilə maraqlanıb. Hər bir tələbəni dinləyən rektor onların təhsildə və şəxsi həyatlarında olan problemlərinin həlli istiqamətində görüləcək tədbirləri görüşdə iştirak edən məsul şəxslərlə müzakirə edib, müvafiq tapşırıqlar verib.

Tələbələr, qayğıları ilə yanaşı, Akademiyanın fəaliyyətində görmək istədikləri məqamlara toxunaraq, arzularını səsləndiriblər. Ümidvar olduqlarını bildiriblər ki, oxuduqları təhsil ocağında aparılan işlər tezliklə öz müsbət nəticəsini verəcək. Sonda imtiyazlılar Heydər Əsədova bu səmimi görüşə görə təşəkkürlərini bildiriblər. Rektor da öz növbəsində bu cür görüşlərin davamlı olacağını vurğulayıb.