Hindistan bu ay İran neftinin idxalını tamamilə dayandırıb

55

ABŞ-ın İran neftinin idxalında sanksiyalardan azad olmaqla bağlı tətbiq etdiyi güzəşti uzatmadıqdan sonra Hindistan may ayında İrandan neft idxalını tamamilə dayandırıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın ABŞ-dakı səfiri Xarş Vardxan Şrinqla bildirib.

Onun sözlərinə görə, Hindistan aprel ayında İrandan neft tədarükünü 1 mln. tona qədər azaldıb.

Səfir qeyd edib ki, İran neftinin nəqlinin dayandırılması qərarı yüksək qiymətləndirilir, çünki ölkəni alternativ mənbə axtarmağa vadar edib.

Qeyd edək ki,İran nefti Hindistanın 10% tələbatını ödəyib. Hindistanın ən böyük tədarükçüləri arasında İraq və Səudiyyə Ərəbistanı da yer alır.

Ötən il noyabrın 5-də ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar qüvvəyə minib. Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə olmaqla, 8 ölkəyə İran neftinin alışı üçün bu il mayın 2-dək güzəşt  edilib. Aprelin 22-də ABŞ-ın Prezident Administrasiyası bu güzəştin müddətini uzatmayacağını elan edib.