“Caspian European Club” yeni Bakı Limanına biznes-tur təşkil edib

27

“Caspian European Club”un üzvləri yeni Bakı Limanında biznes-turda olublar.

Bu barədə AZƏRTAC-a klubun sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev deyib.

“Biznes-tur iştirakçıları “Açıq qapı” formatında “Port Festival 2019” adlı tədbirdə iştirak ediblər. Festival Ələtdəki yeni Bakı Limanının açılışının ildönümü münasibətilə keçirilib”, – deyə T.Əliyev bildirib.

Biznes-tur iştirakçıları “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru cənab Taleh Ziyadovla görüşmək imkanı əldə ediblər. “Caspian European Club”un üzvləri festivalın stendi, keçirilən aksiya və helikopter şousuna, Xəzər regionunda ən nəhəng dəniz ticarət limanlarından birinin infrastrukturu və orada həyata keçirilmiş işlərlə tanış olublar.

T.Əliyev qeyd edib ki, “Caspian European Club” ölkənin və regionun iri dövlət və özəl müəssisələrinin potensialı, eləcə də partnyorluğun qurulması imkanları ilə yaxından tanış olmaq məqsədilə iş adamları üçün ənənəvi olaraq bu cür biznes-turlar təşkil edir.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır