Dəniz nəqliyyatı ilə yükdaşımalarda azalma – səbəblər…

575

“… subyektiv amillərlə bağlıdır”

Dünya təsərrüfat sistemində dəniz nəqliyyatının rolu olduqca böyükdür. Beynəlxalq iqtisadi əlaqələr sistemində dəniz nəqliyyatı mühüm rol oynadığından, bu sahəni dəniz nəqliyyatının iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Dəniz nəqliyyatı vahid nəqliyyat sistemində digər nəqliyyat növləri ilə müqayisədə (boru kəməri istisna olmaqla) ən ucuz nəqliyyat növüdür.

Dəniz nəqliyyatının xalq təsərrüfatındakı mühüm yerini göstərən cəhətlərdən biri də onun Qədim İpək Yolunun fəaliyyətindəki rolu, Azərbaycanın Qafqaz regionundakı mühüm strateji mövqeyinin möhkəmlənməsindəki əhəmiyyəti ilə izah edilir. Məlum olduğu kimi, Azərbaycan Avropa ilə Asiya qitəsi arasında böyük körpüdür. Dəhlizin dəniz hissəsində yükdaşımanın həcmi xeyli artıb. Belə ki, 1996-cı ildə dəhlizlə 766 min ton yük daşınmışdısa, 1997-ci ildə bu göstərici 2,1 mln. tona çatmış, yaxud 3 dəfədən çox olub. 1998-ci ildə təkcə 11 ay ərzində isə dəhlizin dəniz hissəsi ilə gəmi bərələrlə 17,484 vaqon yük daşınıb ki, bu da 1997-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 min vaqon çoxdur.

Göründüyü kimi, nəqliyyat dəhlizində yükdaşımanın artması respublikanın iqtisadi potensialının yüksəlməsində, xalq təsərrüfatı sahələrinin inkişafında böyük əhəmiyyətə malikdir.

Açıqlanan statistik rəqəmlərə əsasən, bu ilin yanvar-aprel aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2 146,1 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 24,5 faiz azalıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, daşınmış yüklərin 32,8%-ni neft yükləri təşkil edib. Bundan başqa, dəniz limanları tərəfindən 2 774,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib, yüklərin 2 518,1 min tonu və ya 90,8%-i tranzit yüklərin payına düşüb. Məlumata əsasən, 2019-cu il may ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 79,2 min ton təşkil edib.

  • Pərviz Heydərov: “Dəniz nəqliyyatı ilə yüklərin daşınmasının azalması səbəblərindən biri hava şəraitinin pisləşməsidir”

Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcminin nə səbəbdən azaldığını öyrənmək üçün iqtisadçı-ekspert Pərviz Heydərova müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda dəniz nəqliyyatının inkişafına böyük diqqət yetirilir: “Ələt dəniz ticarət limanı işə salınıb. Eyni zamanda, həmin limanda aparılan tikinti işlərinin ikinci mərhələsi həyata keçirilməkdədir. Məlumdur ki, Bakıda olan dəniz limanı fəaliyyətini dayandırıb. Limanın müvafiq təchizatı Ələtə köçürülüb. Ölkəmizin nəqliyyat paytaxtına çevrilməsi istiqamətində görülən işlər bü gün də davam etdirilir. Bununla yanaşı, Bakı-Tiflis-Qars dəmir yolu da bir müddətdir fəaliyyətdədir”.

İqtisadçının fikrincə, dəniz nəqliyyatı ilə yükdaşımaların azalması subyektiv amillərlə bağlıdır. Dəniz nəqliyyatı ilə yüklərin daşınmasının azalması səbəblərindən biri hava şəraitinin pisləşməsidir. Həmçinin,  qonşu ölkələr yüklərin daşınmasını müvəqqəti olaraq digər nəqliyyat yolu ilə həll edirlər. Bu kimi amillər daşınan yüklərin həcminin azalmasına təsir edir.

P.Heydərov onu da vurğuladı ki, regionda qonşu dövlətlərlə müsbət əməkdaşlıq həyata keçirilir. Gələcəkdə Azərbaycan üzərindən yükdaşımaların artmasının şahidi olacağıq.