Macarıstan və Cənubi Koreya dayverləri ötən həftə Dunayda baş vermiş kater qəzasının qurbanlarından daha bir neçəsinin cəsədlərini aşkar ediblər.
AZƏRTAC xəbər verir ki, cəsədlər çayın dibində batmış gəzinti katerinin qırıntıları arasından çıxarılıb.
Xatırladaq ki, göyərtəsində 33 nəfər Cənubi koreyalı turist və macarıstanlı iki heyət üzvü olan “Hableány” kateri keçən həftə çərşənbə günü kruiz layneri ilə toqquşub və suya qərq olub. Sərnişinlərdən 7 nəfəri xilas edilib, 8 nəfərin cəsədləri tapılıb, 20 nəfər isə itkin düşüb.
İsveçrənin “Viking Sigyn” kruiz laynerinin ukraynalı kapitanı hadisənin təhqiqatı üçün saxlanılıb.
Milli polis qərargahından verilən məlumata görə, Xarta kəndinin yaxınlığında, Budapeştdən təqribən 100 kilometr aralıda axın istiqamətində daha bir cəsəd aşkar edilib. Bu cəsəd hələ identifikasiya edilməyib.
Macarıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, xilasetmə komandaları fasiləsiz işləyirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır