Xəzərin suyunu təmizləmək üçün yeni qurğular tikilə bilər

87

Xəzər dənizinin suyunun çirklənməsinin qarşısını almaq üçün yeni tipli təmizləyici qurğuların tikilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, ölkə ərazisində kanalizasiya, su xətləri yenidən çəkilir . Yaxın dövrdə dövlət proqramına uyğun çirkləndiricilərin qarşısı alınacaq.

Z.Kazımov əlavə edib ki, Xəzər dənizinin bəzi ərazilərindən götürülən nümunələrin nəticələri bəlli olsa da, Nabranda, Xaçmazın bir hissəsində,Türkan, ərazisindən götürülən nümunələrin laborator müayinəsi hələ yekunlaşmayıb. Onların da nəticələri qısa müddətdə açıqlanacaq.

Z.Kazımov qeyd edib ki, Xəzər rayonu Türkan, Suraxanı rayonu Hövsan, Səbail rayonu Şıx, Qaradağ rayonu Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərinin istifadə yararsız olmasına səbəb orada yaşayış yerlərindən məişət çirkab sularının birbaşa dənizə axıdılmasıdır:

“Son 10 illə müqayisədə bu istiqamətdə nisbətən yaxşılaşma var. Yəqin yaxın illərdə o ərazilərinin aylarında da dəyişiklik hiss edəcəyik”.