Azərbaycan ilk dəfə Almaniyanın Münhen şəhərində keçirilən “Nəqliyyat və logistika” sərgisinə qatılıb.
“Report” bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) istinadən xəbər verir.
Məlumata görə, “Messe Münhen” mərkəzində təşkil olunan sərgidə Azərbaycanı ASCO ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lər vahid milli stenddə təmsil edir. Stenddə hər üç şirkətin nümayəndələri sərgi iştirakçılarına ölkəmizin tranzit potensialı, dəmir yolu, dəniz nəqliyyatı ilə daşımalar, limanlarımızın imkanları, Azərbaycandan keçən Beynəlxalq Nəqliyyat Dəhlizləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri infrastruktur layihələri və onların üstünlükləri barədə ətraflı məlumat verərək əməkdaşlığa dair görüşlər keçirir, danışıqlar aparırlar.
Bu gün işə başlamış sərgi iyunun 7-nə qədər davam edəcək.
“Nəqliyyat və Logistika” sərgisi nəqliyyat va logistika sektorunun bütün prosesləri ilə tanış olmağa imkan verir. Burada Almaniyadan və dünyanın hər yerindən qatılan iştirakçılara, eyni zamanda geniş əhatəli konfrans proqramı təklif edilir və məlumat mübadiləsi uçun platformalar yaradılır.
Qeyd edək ki, ekspozisiya sərgi mərkəzinin 10-dan artıq pavilyon və açıq meydançasında yerləşdirilib. 115 min kvadrat metr sahəni əhatə edən sərgiyə 62 ölkədən 2 500-ə yaxın iştirakçı qatılıb. Bunlar nəqliyyat, logistika, yükdaşıma və yüksək texnologiya üzrə dünyanın aparıcı şirkətlərinin təmsilçiləridir.
Sərgiyə 123 ölkədən 60 mindən artıq ziyarətçinin baş çəkəcəyi gözlənilir.
Hər bir ildən bir keçirilən “Nəqliyyat və logistika” sərgisi bu tip sərgilər arasında xüsusi seçilir. Avropanın ən böyük sərgisi hesab olunan Münhen sərgisi dünyada miqyasına görə ilk beşliyə daxildir.