“Türkmənistanın “Transxəzər”ə az maraq göstərməsi iki səbəblə bağlıdır”

132

Bu günlərdə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov MDB ölkələrini TAPI qaz kəməri (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) layihəsinə qatılmağa çağırıb. Türkmənistan Prezidenti TAPI qaz kəməri layihəsi ilə bağlı işlərin sürətlə davam etdiyini qeyd edib. O MDB ölkələrinə çağrış edib ki, bu layihəyə sərmayə qoyuluşunda iştirak etsinlər.

Qeyd edək ki, TAPI kəmərinin ümumi uzunluğu 1840 kilometrdir. İldə bu kəmərlə 33 milyard kubmetr qaz ixracı nıəzərdə tutulub. Kəmərin əsas maliyyəçisi Türkmənistandır.

Burada diqqətçəkən məqam odur ki, Türkmənistan rəhbərliyi ölkə qazının “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropa bazarına çıxarılmasına sanki o qədər də həvəs göstərmir. Baxmayraq ki, bununla bağlı Türkmənistana bir sıra çağrışlar ünvanlanıb. Məsələn, ABŞ Prezidenti Donald Tramp Novruz bayramı münasibətilə Türkmənistan Prezidentinə təbrikində qeyd edib ki, Türkmənistan Xəzər dənizinin yeni hüquqi statusundan istifadə edərək öz qazını Avropa üçün ixrac edə bilər: “Ümid edirəm ki, Türkmənistan bu yaxınlarda müəyyən edilmiş Xəzər dənizinin hüquqi statusu ilə əlaqədar Qərbə qaz ixracı imkanlarından istifadə edə bilər”.

Digər tərəfdən, bu ilin fevralında Avropa İttifaqı Türkmənistana Avropaya qazı Azərbaycan vasitəsilə tədarük etməyi təklif edib. Belə ki, Aİ-nin Büdcə və İnsan Resursları Komissiyasının üzvü Günter Ottinger Azərbaycanın mavi yanacaq tranziti üçün infrastruktura malik oldğunu diqqətə çatdırıb.

Ən nəhayət, ABŞ Prezidenti Donald Tramp XXVI Beynəlxalq “Xəzər Neft və Qaz” Sərgisinin keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevə ünvanladığı məktubda bu məsələyə toxunub: “Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri kimi digər potensial təchizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolu oynaya bilər”.

Onu da qeyd edək ki, Avropa qaz bazarı Türkmənistan üçün daha sərfəlidir. Ona görə ki, Avropa digərləri ilə müqayisədə qazı baha alır. Avropada qaza olan tələbat ilbəil artır.

Bütün bu deyilənlərin fonunda maraqlıdır, Türkmənistan qazın Avropaya ixrac olunması ilə bağlı layihələrə niyə elə də maraq göstərmir?

  • İlham Şaban: “Aşqabad TAPI layihəsinin maliyyə yükünün böyük hissəsini ödəyə bilmir”

Məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, Türkmənistanın sözügedən məsələyə az maraq göstərməsi iki səbəblə bağlıdır: “Birinci səbəb TAPI ilə bağlı yaranan maliyyə problemidir. Məsələ ondadır ki, Türkmənistan 2015-ci ildən TAPI layihəsini həyata keçirməyə başlayıb. Layihənin maliyyə yükünün 85 faizi Türkmənistanın üzərindədir. Dörd ilə yaxındır ki, layihə tam hazır olmur. Ona görə ki, Türkmənistan həmin layihənin maliyyə məsələlərini həll edə bilmir. Bu səbəbdən MDB ölkələrinə çağırış edir ki, gəlin layihəyə qoşulun. Çünki Türkmənistan təkbaşına maliyyə yükünün böyük hissəsini daşıya bilmir. Bu səbəbdən “Transxəzər”ə maraq göstərmir. Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsini ona görə tərəfdaşlarla həyata keçirdi ki, bir gün də maliyyəsi kəsilməsin. Yəni həm şirkətlərin maliyyə imkanları, həm də xarici investorlardan alınan kredit xətləri tamamilə yetərli idi. İkincisi, Türkmənistan qazını Avropada alacaq istehlakçı şirkətlər mövcud deyil. Türkmənistan fikirləşir ki, burada risq var. Tutaq ki, Xəzərin dibi ilə qaz kəməri çəkdi, ondan sonra qazı kimə satacaq? Hələlik qazı alacaq şirkətlər yoxdur. Fikrimcə olsa, o zaman Türkmənistanın “Transxəzər”ə marağı artacaq. Düzdür, Avropa İttifaqı ilə ABŞ Türkmənistana qazla bağlı çağırışlar edirlər, bununla bağlı dəstək verəcəklərini deyirlər. Ancaq konkret iş ortada yoxdur. O mənada ki, istənilən layihə kommersiya layihəsidir. Türkmənistan qazını Avropada alacaq konkret şirkətlər və bununla bağlı müqavilələr olmalıdır. Bu olmadığı üçün, Türkmənistan layihəyə qoşulmaqdan ehtiyat edir”.