Bakıda “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” mövzusunda konfrans keçiriləcək

375


İyunun 11-də saat 14:00-dan 16:00-dək Bakı Sərgi Mərkəzində “TransCaspian 2019” sərgisi çərçivəsində “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” mövzusunda konfrans təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, konfrans aparıcı mütəxəssislərin beynəlxalq nəqliyyat marşrutlarının inkişaf perspektivlərini və optimallaşdırma yollarını, eləcə də Azərbaycanın beynəlxalq ticarətdə oynadığı rolu müzakirə etmələri üçün yaxşı fürsətdir.

Konfransın sessiyaları çərçivəsində “İpək yolunun bərpası və dövlətlər arasında ticarət əlaqələrinin inkişafında əhəmiyyəti”, “Azərbaycanda logistika şəbəkəsinin inkişaf strategiyası”, “Beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük axınının optimallaşdırılması” mövzuları müzakirə olunacaq.

Spikerlər sırasında TRACECA Hökumətlərarası Komissiyasının milli katibi Akif Mustafayev, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının katibi Rüfət Bayramov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin istismar xidmətinin müdiri Yucin Si, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Azər Əliyev var.

Tədbirə https://transcaspian.az/en-meetingscompanies/linki vasitəsilə qeydiyyatdan keçmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır