“TransCaspian” və “Road & Traffic” sərgiləri 11-13 iyun tarixlərində nəqliyyat sahəsinin peşəkarlarını gözləyir!

138

11-13 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika “TransCaspian 2019” sərgisi keçiriləcək. Sərgi Xəzəryanı regionun aparıcı nəqliyyat tədbirlərindən biri olmaqla yanaşı, dəmiryol, nəqliyyat-loqistika xidmətləri və kommersiya nəqliyyatı sahəsində əsas dövlət strukturları ilə kommersiya təşkilatlarını bir araya gətirir.

2019-cu ildə “TransCaspian” sərgisi “Road & Traffic” sərgisi ilə birlikdə 10 ölkədən 75 şirkəti təmsil edən iştirakçıları bir araya gətirib. Bu il “TransCaspian” sərgisində Azərbaycan, Belarus, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələri təmsil edən şirkətlər öz məhsul və xidmətlərini təqdim edirlər. Hər il sərgidə “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” və s. kimi aparıcı dövlət strukturları, həmçinin kommersiya şirkətləri iştirak edir. Bu il sərgidə Belarus Respublikası Nəqliyyat və Kommunikasiya Nazirliyi ilk dəfə çıxış edir.

İştirakçılar sərgidə nəqliyyat sahəsində öz məhsul və xidmətlərinin geniş çeşidini təqdim edirlər. Onların sırasında: dəmiryol nəqliyyatının əyləc sistemləri üçün yeni məhsullar, istənilən növ yük və sərnişin vaqonları, lokomotivlər, motor-vaqon hərəkət heyəti, sürət qatarları və metropoliten qatarları üçün avadanlıqlar, gəmiçilik, sərnişindaşıma sahəsində xidmətlər və istənilən növ yüklərin daşınması, eskalator və eskalator qovşaqlarının layihələndirilməsi və təmiri və s. Yükdaşıma və logistika xidmətləri sektorlarını Ikra Logistika, AS Prof Logistics, Absheron Logistics Center və digər şirkətlər təqdim edirlər. “Belomo” şirkəti isə builki sərgidə debüt edir.

9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi

11-13 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi “Road & Traffic 2019” sərgisi keçiriləcək. Sərgi nəqliyyat infrastrukturu sahəsində Azərbaycanda yeganə ixtisaslaşmış tədbirdir və təkcə yol sahəsinin deyil, həm də yol-inşaat sahəsinin peşəkarları arasında yüksək qiymətləndirilir.

Bu il sərgidə Azərbaycan, Almaniya, Rusiya, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yol, körpü və tunellərin layihələndirilməsi və tikintisi üçün məhsul və xidmətlər çeşidi, yol-tunel inşaatı üzrə xidmətlər, yol təhlükəsizliyi vasitələri, yol-inşaat və kommunal texnikası, yolların nişanlanması üçün avadanlıqlar, yol işıqlandırma sistemləri, yol nişanlarını və metal yol sədləri, həmçinin elektron yol monitorları, yol infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı və bir sıra digər məhsul və xidmətləri təqdim edirlər. Sərgidə avtobuslar ekspozisiyası təqdim olunur. Sərginin debütantı Haliq Faiqoğlu ilə yanaşı, Anadolu Isuzu Otomotiv Sanayi Ve Ticaret A. S və avtobus istehsalçısı olan Çin şirkəti HİGER də öz avtobuslarını nümayiş edirlər.

Beləliklə, “TransCaspian” və “Road & Traffic” sərgiləri 3 gün ərzində xarici şirkətlər üçün yerli bazar ilə əlaqə yaratmaq, Azərbaycan şirkətləri üçün dünya bazarına çıxmaq, yeni tərəfdaşlar və dilerlər tapmaq, həmçinin mövcud layihələrin genişləndirilməsi üçün əla imkanlar yaradır. Ətraflı məlumatı likdən keçərək əldə etmək mümkündür:  www.transcaspian.az/ru-exhibitorslist-2019.html

ƏLAVƏ TƏDBİRLƏR PROQRAMI

Bu il sərgini əlavə tədbirlər proqramı müşayiət edir. Belə ki, təşkilatçılar bu proqram çərçivəsində “B2B” formatlı görüşlərin keçirilməsi üçün işgüzar platforma yaradıb və burada yerli və xarici şirkətlərin nümayəndələri əməkdaşlıq və tərəfdaşlıq yollarını müzakirə etmək üçün görüşlər keçirə biləcəklər. 

“TransCaspian” sərgisinin çərçivəsində 11 iyun tarixində “Transxəzər beynəlxalq nəqliyyat marşrutu” mövzusunda konfransın təşkil ediləcək. Sözügedən konfrans aparıcı sektor mütəxəssislərinin beynəlxalq nəqliyyat marşrutlarının inkişaf perspektivlərini və optimallaşdırma yollarını, eləcə də beynəlxalq ticarətdə Azərbaycanın oynadığı rolu müzakirə etmələri üçün yaxşı fürsətdir. Konfransın sessiyaları çərçivəsində “İpək yolunun bərpası və dövlətlər arasında ticarət əlaqələrinin inkişafında əhəmiyyəti”, “İpək yolunun bərpası və dövlətlər arasında ticarət əlaqələrinin inkişafında əhəmiyyəti”, “Azərbaycanda logistika şəbəkəsinin inkişaf strategiyası”, “Beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük axınının optimallaşdırılması” mövzuları müzakirə olunacaq. Spikerlər sırasında: TRACECA Hökumətlərarası Komissiyasının milli katibi – Akif Mustafayev, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının katibi – Rüfət Bayramov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin istismar xidmətinin müdiri – Yucin Si, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnogiyalar Nazirliyinin nəqliyyat siyasəti şöbəsinin müdiri – Azər Əliyev.

“Road & Traffic” sərgisi çərçivəsində təşkilatçılar tərəfindən “Yol hərəkətinin təhlükəsizliyi” və “Yol Təhlükəsizliyi üzrə Dövlət Proqramı” mövzularında panel müzakirələrin aparılacaq. Müzakirənin iştirakçıları hərəkətinin idarə edilməsi sahəsində mövcud olan problemləri və bu sahədə tətbiq edilmiş yenilikləri müzakirə edəcəklər. Sərginin qonaqları açıq mikrofon vasitəsi ilə onları maraqlandıran sualları birbaşa ünvanlaya biləcəklər. Diskussiyaların mövzuları sırasında “Yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramının həyata keçirilməsi”, “Yolların keyfiyyətinin yol hərəkəti təhlükəsizliyinə təsirləri”, “Sürücü və piyadaların məsuliyyət və şüurunun artırılma yolları”, “Yol tikintisi zamanı keyfiyyətinə nəzarət”, “Yol infrastrukturunda İT xidmətlərin və data-nın önəmi” yer alır. Məruzəçilər qisminə müstəqil ekspert – Ərşad Hüseynov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hərəkətlərin təşkili və təhlükəsizlik şöbəsinin rəisi Vaqif Yusifli, AzVirt şirkətinin texniki istehsalat şöbəsinin mühəndisi Niyaməddin Nağıyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin informasiya texnologiyaları şöbəsinin mütəxəssisi Rashad Ələkbərov, Sinam şirkətinin CİS mühəndisi Pərviz Bədəlov çıxış edirlər.

RƏSMİ DƏSTƏK VƏ TƏŞKİLATÇILAR

Sərgilər Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “TRACECA” Hökumətlərarasi Komissiyasinin Daimi Katibliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənirlər. Sərgilərin təşkilatçısı qismində Caspian Event Organisers şirkəti çıxış edir.