“TransCaspian 2019”: Nəqliyyat sektorunun bütün sahələrində Azərbaycanın əldə etdiyi nailiyyətlərin nümayişi

91

11-13 iyun 2019-cu il tarixlərində Bakı Ekspo Mərkəzində 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, tranzit və loqistika “TransCaspian 2019” sərgisi öz işinə başladı. Xəzər regionunun aparıcı nəqliyyat tədbiri olan bu sərgi dəmiryol nəqliyyatı, nəqliyyat-loqistika xidmətləri və kommersiya təyinatlı nəqliyyat sahəsində əsas dövlət nəqliyyat strukturlarını və kommersiya təşkilatlarını bir araya gətirib. Bakı Ekspo Mərkəzində “TransCaspian 2019” sərgisi ilə paralel 9-cu Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat “Road & Traffic 2019” sərgisi keçirilir. Sərgilərin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir.

Sərginin açılışında çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlət başçısının nəqliyyat sektorunun bütün sahələrinə göstərdiyi güclü diqqəti vurğulayıb və ölkə hökumətinin qəbul etdiyi fərmanların vacibliyini qeyd edərək, Azərbaycanın nəqliyyat sahəsində əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Bu mənada nəhəng regional layihələrin reallaşdırılması sektorun inkişafına, ölkənin tranzit potensialının və nəqliyyat təhlükəsizliyinin gücləndirilməsinə kömək edir. Cənab Quluzadə sərgilərin iştirakçılarına uğurlar, yeni işgüzar əlaqələr, perspektivli təmaslar və səmərəli əməkdaşlıqlar arzulayıb.

“Caspian Event Organisers” şirkətinin regional direktoru Edvard Stroon “TransCaspian 2019” və “Road & Traffic 2019” sərgiləri barədə statistik məlumatları təqdim edib, eləcə də rəsmi dəstəyə görə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, “TRASEKA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) təşəkkür edib.

2019-cu ildə “TransCaspian” sərgisi “Road & Traffic” sərgisi ilə birlikdə dünyanın 10 ölkəsini təmsil edən 75 şirkətin nümayəndəsini bir araya gətirib. Azərbaycan, Belarus, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələri təmsil edən şirkətlər “TransCaspian” sərgisində öz məhsul və xidmətlərini təqdim edir. Hər il “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, və digər aparıcı dövlət strukturları, eləcə də kommersiya təşkilatları sərgidə iştirak edir. Belarus Respublikası Nəqliyyat və Kommunikasiya Nazirliyi tədbirdə debüt edir.

“Road & Traffic 2019” sərgisi Azərbaycanda yol infrastrukturu sahəsində yeganə ixtisaslaşmış tədbirdir. Bu il Azərbaycan, Almaniya, Çin, Rusiya, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yol, körpü və tunellərin layihələndirilməsi, inşası və mühafizəsi üçün silsilə məhsul və xidmətləri, yol-tunel inşası üzrə xidmətləri, yol təhlükəsizlik vasitələrini və bir sıra digər məhsulları təqdim edir. Sərginin debütantı olan “Xaliq Faiqoğlu” şirkəti ilə yanaşı, “Anadolu Isuzu Otomotiv Sanayi Ve Ticaret A.Ş” şirkəti və Çinin avtobus istehsal edən “HIGER” şirkəti öz avtobuslarını nümayiş etdirəcək.

Təşkilatçılar yerli və xarici şirkətlərin nümayəndələrinin əməkdaşlıq və tərəfdaşlıq yollarını müzakirə etmək üçün üzbəüz görüşlər keçirdikləri “B2B” formatlı işgüzar platforma yaradıblar.

11 iyun tarixində “TransCaspian” sərgisi çərçivəsində “Transxəzər beynəlxalq nəqliyyat marşrutu” mövzusunda konfrans keçirilir. Forum iştirakçıları “İpək Yolunun bərpası və ölkələr arasında ticarət münasibətlərinin inkişafında onun əhəmiyyəti”, ““Bir zolaq-bir yol” təşəbbüsü: inkişaf perspektivləri”, “Azərbaycanın yük-loqistika sahəsinin inkişaf strategiyası“ və “Potensial marşrutlar çərçivəsində yük daşımalarının optimallaşdırılması” mövzularını müzakirə edirlər.