Azərbaycan dilində nəqliyyat logistikasına dair ilk kitab çap edilib

273

Azərbaycan dilində nəqliyyat logistikasına dair hazırlanan ilk praktik kitab işıq üzü görüb. 

DenizXeber.az xəbər verir ki, Nicat Şabanlının müəllifi olduğu “Nəqliyyat logistikası” kitabının “Azərkitab” kitab evində təqdimatı keçirilib. 

Təqdimat mərasimində Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın tənzimlənməsi “ kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Ceyhun Hacıyev, “Procter and Gembl” şirkətinin Azərbaycan üzrə distribüteri – “Engin” şirkətinin logistika və təchizat zənciri üzrə direktoru Salih Tüfəkci, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın donanma və dəniz xidmətinin müdiri Ruslan Hüseynov, “UFE Shipping” nəqliyyat-ekspedisiya şirkətinin təsisçisi və baş direktoru Elmir Poladov, “Business Management School” MMC-nin həmtəsisçisi Pərviz Kərimov, “Veysəloğlu Qrup” MMC-nin Beynəlxalq Yük Daşınmalar Şöbəsinin müdiri Renata Davıdova kitabdakı mövzuların zənginliyi və praktik olması barədə öz fikirlərini bildirdilər. 

Kitaba dair öz təəssüratlarını bildirmək üçün Milli Aviasiya Akademiyası”, avia nəqliyyat istehsalatı kafedrasının baş müəllimi Məhluqə Nəsirova, kitabın korrektoru, Prezident mükafatçısı Hikmət Məlikzadə, “Azərbaycan Dəmir Yolları” QSC-dən Vilayət Rzayev, “Aqrar Tədqiqatlar Mərkəzi”nin direktoru, fəlsəfə doktoru Firdovsi Fikrətzadə və ABF Bank-ın təchizat şöbəsinin rəhbəri Qəhrəman Abbasov çıxış edərək belə bir kitabın işıq üzü görməsinin əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, kitabda logistika elminin tarixi və bölmələri, nəqliyyat logistikasının burada yeri və əhəmiyyəti, nəqliyyat logistikasında istifadə olunan qısaldılmış terminlərin və poçt indekslərin izahı, yüklərin qablaşdırılması və paletlənməsi, yüklərin markalanması, yüklərin kodlaşdırılması, yüklərin daşınması zamanı onların bərkidilməsi, təhlükəli yüklər və onların daşınması, yüklərin sığortalanması, yüklərin müxtəlif nəqliyyat yolları (avtomobil, dəniz və okean, hava və dəmir yolu) ilə daşınması xüsusiyyətləri, bu daşımalar zamanı istifadə olunan nəqliyyat sənədlərinin düzgün yazılması, yükdaşımaları tənzimləyən və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar, yüklərin dəniz yolu ilə daşınmasında istifadə olunan konteynerlər və onların parametrləri, dəniz yolu ilə yükdaşımalarda istifadə olunan terminlər, yüklərin hava yolu ilə daşınması zamanı tərtib olunan sənədlər, hava limanları və hava yolu ilə yüklərin daşınmasını həyata keçirən şirkətlərin qısaldılmış adları, yüklərin dəmir yolu ilə daşınmasında istifadə olunan sənədlərin düzgün doldurulması, vaqonlar barədə və dünyadakı dəmir yol relsləri barədə məlumatlar əks olunub.