“AFFA-nı dəstəkləyərək, futbolu məhv edirsiniz!” – Mübariz Mənsimovdan deputata cavab

516

“Xəzər Lənkəran”ın prezidenti Mübariz Mənsimov Milli Məclisin deputatı Ağacan Əbiyevin yığmanın Slovakiyaya məğlubiyyətindən narazı qalan azarkeşlərlə bağlı açıqlamasına münasibət bildirib. İş adamı deputatı sərt tənqid edib.

Mənismov sosial şəbəkə hesabında yazıb:

“Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Əbiyev ağlasığmaz bir açıqlama verib.

Ağacan Əbiyev: “Məgər dünyada uduzan yalnız Azərbaycan komandasıdı?” – deyə, dünənki biabırçı məğlubiyyətə münasibət bildirib.

“Zaman-zaman İngiltərə, Fransa və digər ölkələrin futbol komandaları da uduzurlar. (Doğru ola bilər) Məgər komanda hər uduzanda məşqçi, AFFA rəhbərliyi dəyişməlidi? Hesab edirəm ki, azarkeşlər gedib öz işləri ilə məşğul olsunlar” – deyə deputat deyib. (Məncə, yanlış fikirdi. Sən xalqın ağası deyil, xalqa xidmət üçün ordasan)….

Anlamadım?! Azarkeşin işi nədi ki?! Bəlkə uzun zamandı boksla məşğul olduğuna görə Ağacan bəy unudub ki, azarkeş kimdi?! Millətin seçdiyi vəkil! Azarkeş olmasa futbol olmaz! Azarkeş olmazsa, ümumiyyətlə idman olmaz! Onların nəyə ixtiyarları var, nəyə yoxdu, əslində, siz yaxşı bilməlisiniz. Komanda uduzursa, azarkeşlərin fikrinin əhəmiyyəti yoxdu – nə deməkdi?! Siz də Azərbaycan bayrağını yüksəldərkən belə düşünürdünüz? O qaldırdığınız bayraq həmin azarkeşlərin, millətimin bayrağıdı! Və millət bayrağının heç vaxt yenilməsini və gülünc vəziyyətə qoyulmasını istəmir. Hər oyuna bayraqla gələn, sizin sözlərinizlə desək, gərəksiz azarkeşlər milli oyunçularından nəticə gözləyir. Və hər zaman da nəticəsiz və pərt geri dönür. Odu ki, azarkeş millini istefaya da göndərə bilər, təşəkkür də edə bilər. Siz isə AFFA-dakı yanlış idarəetməni dəstəkləyərək, futbolu məhv edirsiniz!

“Nədənsə bizim azarkeşlərin işi futbolçuların pulunu saymaqdı. Onu da düzgün saya bilmirlər” – deyə, Ağacan Əbiyev qeyd edir. Təbii ki, sayacaqlar. Çünkü futbola xərclənən külli miqdarda pullar elə həmin azarkeşin pullarıdı. Azərbaycan xalqının puludu. Ona görə də hesab verəcəksiniz! Mənasız transferlərə fantastik pullar xərcləyib, öz pulumuzla özümüzü biabır edirsiniz. Hesab verin azarkeşə!

Hörmətli olun! Lütfən!”.