Bakı-Tiflis-Qarsın fantastik nəticəsi – Avrasiyada yükdaşımalar coğrafiyası tamamilə Azərbaycanın lehinə dəyişdi…

180

Azərbaycanın böyük uğurla reallaşdırdığı Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Avrasiya məkanında yükdaşımalar üzrə coğrafiyada əhəmiyyətli dəyişikliklərə gətirib çıxaracağına dair verilən proqnozlar özünü doğruldur. Hətta iş o yerə çatıb ki, Rusiya özünün ən böyük layihələrindən birini məhz Bakı-Tiflis-Qarsa bağlamaqla yükdaşımaları artırmaq niyyətindədir. Hesab edilir ki, bu reallaşarsa, Azərbaycan üzərindən daha böyük həcmdə yükdaşımalar həyata keçəcək.

Məsələ burasındadır ki, Rusiya Transsibir dəmir yolu xəttilə yük axınının, o cümlədən konteyner daşımalarının bir hissəsini Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə, oradan isə Avropaya çatdırmağı planlaşdırır. “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Aleksandr Mişarin  “RİA Novosti”yə müsahibəsində bu xüsusda bildirib: 
“Layihə artıq reallaşdırılır. O, Azərbaycan-Gürcüstan-Türkiyə arasında razılığa əsasən həyata keçirilir. Söhbət iki ox eni (1435 və 1520 millimetr) olan dəmir yolu xəttinin tikintisindən gedir. Bu bizə imkan verəcək ki, Transsibir dəmir yol xətti ilə yük axınının, o cümlədən konteyner daşımalarının bir hissəsini Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə, oradan isə Avropaya çatdıraq”. “Rusiya Dəmir Yolları” ASC-nin bu layihədə necə iştirak edəcəyi sualına cavab verərkən Mişarin deyib ki, “RJD Loqistika”nın birgə müəssisəsinin yaradılması üçün hazırlıqlar gedir. Onun sözlərinə görə, daşımaların təşkili üçün Türkiyə və Rusiya tərəfindən müəssisə yaradılacaq.

Xatırladaq ki, Transsibir dəmir yol xətti Avrasiya ərazisindən keçməklə paytaxt Moskvanı şərqi Sibirin və Uzaq Şərqin böyük sənaye şəhərləri ilə birləşdirir. Dünyanın ən uzun magistral xətti olan Transsibir dəmiryolunun uzunluğu 9288,2 kilometrdir. İndi onun yaxın tezlikdə Bakı-Tiflis-Qarsa birləşməsi gözlənilir. Xatırladaq ki, 2017-ci ilin sonundan Bakı-Tiflis-Qars dəmir yolu xəttilə yük daşınması həyata keçirilir. İlkin mərhələdə bu marşrut üzrə yük daşımalarının həcmi 6,5 milyon ton səviyyəsində olacaq, eləcə də 1milyona yaxın sərnişin daşınacaq. Bakı-Tiflis-Qars  Çindən gələn malların Avropaya çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. May ayında Azərbaycan və Rusiya dəmir yolları arasında əməkdaşlığın inkişafı haqqında memorandum imzalanıb. Tərəflər dəmir yolu sektorunda milli dəmiryol şirkətlərinin nəqliyyat və tranzit potensialının inkişafı üzrə kompleks əməkdaşlığı inkişaf etdirmək barədə razılıq əldə edib. Ekspertlər isə bildirir ki, Rusiyanın Bakı-Tiflis-Qarsa marağının getdikcə artması təsadüf deyil. Məlumdur ki, Bakı-Tiflis-Qars işə düşənə qədər Asiyadan Avropaya yüklərin çox hissəsi dəniz yolu, daha doğrusu, Süveyş kanalı vasitəsilə daşınıb. Amma bu marşrutla daşınan yüklərin nəqliyyat xərcləri baha başa gəldiyi üçün istehsalçı və alıcılara sərf etmir. Hazırda 21 min kilometr məsafəni 30-35 sutkaya qət etməklə bir konteyneri sifarişçilərə 850 dollara çatdırmaq mümkündür. Amma Bakı-Tiflis-Qarsla yüklərin daşınması həm ucuz, həm də qısa vaxta başa gəlir. Bakı-Tiflis-Qars işə düşməzdən əvvəl Rusiya Asiyadan Avropaya daşınan yüklərin bir hissəsinin öz ərazisindən keçməsini istəyirdi. Bu məqsədlə Çin və digər Asiya ölkələrinə Transsibir marşrutundan istifadəni təklif edərək, onun daha sərfəli marşrut olduğunu sübut etməyə çalışırdı. Yeri gəlmişkən qeyd edək ki, şimal qonşumuzun təklif etdiyi marşrut dəniz yolu ilə Süveyş kanalından keçən marşrutdan 10 min kilometr qısadır. Amma hazırda Asiyadan Avropaya daşınan yüklərin cəmi 1 faizi Rusiya ərazisindən tranzit olunur. Rusiya isə bu rəqəmi 10-15 faizə çatdırmaq niyyətindədir. Məqsəd ənənəvi marşrutla daşınan 500 milyard dollarlıq yükün bir hissəsinin öz ərazisindən tranzitinə nail olmaqdır. Bu istək baş tutarsa, daşımalardan Rusiya ildə milyardlarla dollar qazana bilərdi. Lakin şimal qonşumuz bununla da kifayətlənmək fikrində deyildi. O, Çinlə danışıqlar apararaq ikinci Transsibir dəmir yolunun çəkilməsinə də nail olmaq istəyirdi. Ən maraqlısı budur ki, Rusiya Çinə ənənəvi Süveyş kanalı marşrutu əvəzinə yüklərin Şimal Buzlu okeanı ilə daşınmasını da təklif edirdi. Bu marşrut isə il boyu işləmir. Bu səbəbdən Rusiya Çinlə birgə elmi tədqiqatlar aparmaqla həmin marşrutdan il boyu istifadə etməyin mümkün olduğunu sübut etməyə çalışırdı. Şimal Buzlu okeanı marşrutunun Süveyş kanalı marşrutundan üstün cəhəti odur ki, malları bu yolla Çindən Avropaya ənənəvi marşrutdan 10 gün tez çatdırmaq mümkündür. Bu, ticarətdə xüsusi önəm daşıyan haldır. Amma Bakı-Tiflis-Qarsın işə düşməsi Avrasiyada yükdışmalarla bağlı tamamilə yeni vəziyyət yaradır. Çin və digər Asiya ölkələrinin, o cümlədən Avropanın bu xəttə marağını görən Rusiya indi ona qoyşulmağa hazırlaşır. Bu da təsadüfi deyil. Belə ki, ənənəvi marşrutlarla Çindən İngiltərə, Fransa, Almaniya kimi ölkələrə yükdaşıma müddəti təxminən 45-62 gündür. Bakı-Tiflis-Qars isə həmin yükləri 12-15 gün arasında Avropaya çatdırmaq imkanına malikdir. Bundan başqa, dəmir yolu ilə yüklərin daşınmasının maya dəyəri də aşağıdır. Qeyd edilən faktor, sözsüz ki, Bakı-Tiflis-Qarsa marağı daha da artırır.

Digər tərəfdən, Çin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində bütün diqqəti məhz Bakı-Tiflis-Qarsa yönəldib. Pekin burada onu da nəzərə alır ki, Çindən gələn malların Avropaya daşınması üçün Azərbaycanda mükəmməl infrastruktur yaradılıb. Ölkəmizin Qazaxıstanın Aktau limanından yükləri daşımaq üçün 260 gəmidən ibarət güclü donanması var. Eyni zamanda, bu yüklərin boşaldılması və yola salınması üçün Ələtdə beynəlxalq əhəmiyyətli liman tikilib. Limandan yüklərin Avropa ölkələrinə daşınması üçün Bakı-Tiflis-Qars fəaliyyət göstərir. Eyni zamanda, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycanın ərazisindən istifadə edir. Məhz bütün bunlar Çinin, digər layihələrlə müqayisədə, Bakı-Tiflis-Qarsa daha çox diqqət ayırmasına rəvac verir. Bunu nəzərə alan Rusiya da indi Bakı-Tiflis-Qarsla yükdaşımalara xüsusi diqqət yetirir.