Oman körfəzində baş verən insidentlərdən sonra Hörmüz boğazından keçərək hərəkət edən bütün tankerlər əlavə mühafizə ilə təmin olunacaq, regionda gücləndirilmiş dəniz patrulu tətbiq ediləcək.
“Report” xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti tankeri dünən İranın ərazi sularında hücuma məruz qalan Norveçin “Frontline” neftdaşıma şirkətinin nümayəndəsinə istinadən yazıb.
Şirkətdən bildiriblər ki, istintaqın başa çatmasını gözləmədən ən qısa zamanda bütün tankerlərə əlavə təhlükəsizlik tədbirləri tətbiq etmək niyyətindədirlər.
“Hörmüz boğazı Yaxın Şərqdə daha bir çaxnaşma nöqtəsi halına gəlir. Dünya dəniz neft ixracının, təxminən, 40%-nin bu boğazdan keçdiyini nəzərə alaraq, belə təxribatların neft daşımaları bazarını pozmasına imkan vermək olmaz”, – “Frontline” şirkətindən deyiblər.
Qeyd edək ki, dünən KİV körfəzdə iki tankerdə partlayış olduğu barədə məlumat yayıb.