Londonda Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 101-ci sessiyası keçirilir

138

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi baş qərargahı London şəhərində yerləşən BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz Təhlükəsizliyi Komitəsinin 101-ci sessiyası işinə başlayıb.

Bu barədə “Report”a Dövlət Dəniz Agentliyindən bildirilib.

Beynəlxalq Dəniz Təşkilatının baş katibi Kitak Lim mayın 30-u Macarıstanın paytaxtı Budapeştdə Dunay çayında turist gəmisinin qəzaya uğraması nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib. Qəza ilə bağlı narahatlığını ifadə edən baş katib bu hadisəninin nəticələrinin araşdırılması və başvermə səbəbləri ilə bağlı təqdim olunacaq hesabata diqqətlə yanaşılmasının vacibliyini vurğulayıb.

“Dəniz cəmiyyətində qadınların səlahiyyətləndirilməsi” mövzusu K.Limin təklifi ilə öz təsdiqini tapıb. Qadınların dünyada dəniz sahəsində fəaliyyətinin genişləndirilməsi, səlahiyyətlərinin artırılmasına dəstək verilməsi mühüm əhəmiyyət kəsb edir deyən K.Lim vurğulayıb ki, dəniz nəqliyyatı sahəsində gender bərabərliyinin qorunmasına, qadın və qızların sələhiyyətləndirilməsinə nail olmaq lazımdır.

Baş katib qeyd edib ki, sessiyada Beynəlxalq Dəniz Təşkilatı qurumlarının qərarları müzakirə olunacaq, əsas hüquqi sənədlərə dəyişikliklər nəzərdən keçiriləcək. Sessiyada həmçinin dənizdə mühafizənin gücləndirməsi istiqamətində görülən tədbirlər, yeni gəmi konstruksiya və standartları, qütb sularında üzən SOLAS Konvensiyasının tətbiq olunmadığı gəmilərə dair təhlükəsizlik tədbirləri, yanacaq istifadəsinə uyğun olaraq gəmilərin təhlükəsizliyinin yüksəldilməsinə dair əlavə tədbirlərin təkmilləşdirilməsi, konteynerlərin və yüklərin daşınması, çirklənmənin qarşısının alınması və cavab tədbirləri müzakirə ediləcək. Naviqasiya, kommunikasiya, axtarış və xilasetmə, gəmi dizaynı və konstruksiyası, gəmi sistemləri və avadanlıqları, yeni tədbirlərin tətbiq olunması üçün bacarıqların artırılması, formal mühafizə qiymətləndirilməsi, beynəlxalq ictimaiyyəti dərindən narahat edən mühüm gəmilərə qarşı silahlı basqın və quldurluq halları, dəniz vasitəsilə təhlükəli qarışıq miqrasiya halları, komitə metodunun tətbiqi məsələləri də sessiyada müzakirə olunacaq əsas məsələlər sırasındadır.

Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirəcək. Görüş zamanı qarşılıqlı əməkdaşlığın daha səmərəli və effektiv həyata keçirilməsi, habelə dəniz nəqliyyatı sahəsi ilə bağlı ölkəmiz üçün əhəmiyyətli olan bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.