İMO-nun Dəniz Təhlükəsizliyi Komitəsinin 101-ci sessiyası işini yekunlaşdırıb

89

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi, baş qərargahı London şəhərində yerləşən BMT – nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz Təhlükəsizliyi Komitəsinin 101 – ci sessiyası işini yekunlaşdırıb.

İclasın ilk iş günü Beynəlxalq Dəniz Təşkilatını baş katibi Kitak Lim gündəlikdə duran və müzakirə olunacaq məsələlər barədə fikir bildirib. Görüləcək işlərlə bağlı nümayəndə heyətlərinə uğurlar arzulayıb.

Sessiyada qetdiyyatdan keçən mətbuat nümayəndələri sessiyanın gedişini izləmək imkanı əldə ediblər. Azərbaycan nümayəndə heyətinin sessiyada foto və video çəkiliş aparmasına rəsmən icazə verilib.

“Dəniz cəmiyyətində qadınların səlahiyyətləndirilməsi” mövzusu Baş Katib Kitak Limin təklifi ilə öz təsdiqini tapıb. Qadınların dünyada dəniz sahəsində fəaliyyətinin genişləndirilməsi, səlahiyyətlərinin artırılmasına dəstək verilməsi mühüm əhəmiyyət kəsb edir deyən Kitak Lim vurğulayıb ki, dəniz nəqliyyatı sahəsində gender bərabərliyinin qorunmasına, qadın və qızların sələhiyyətləndirilməsinə nail olmaq lazımdır.

Sessiyada Beynəlxalq Dəniz Təşkilatı qurumlarının qərarları müzakirə olunub, əsas hüquqi sənədlərə dəyişikliklər nəzərdən keçirilib. Sessiyada həmçinin dənizdə mühafizənin gücləndirməsi istiqamətində görülən tədbirlər, yeni gəmi konstruksiya və standartları, qütb sularında üzən “SOLAS” Konvensiyasının tətbiq olunmadığı gəmilərə dair təhlükəsizlik tədbirləri, yanacaq istifadəsinə uyğun olaraq gəmilərin təhlükəsizliyinin yüksəldilməsinə dair əlavə tədbirlərin təkmilləşdirilməsi, konteynerlərin və yüklərin daşınması, çirklənmənin qarşısının alınması və cavab tədbirləri müzakirə edilib. Naviqasiya, kommunikasiya, axtarış və xilasetmə, gəmi dizaynı və konstruksiyası, gəmi sistemləri və avadanlıqları, yeni tədbirlərin tətbiq olunması üçün bacarıqların artırılması, formal mühafizə qiymətləndirilməsi, beynəlxalq ictimaiyyəti dərindən narahat edən mühüm gəmilərə qarşı silahlı basqın və quldurluq halları, dəniz vasitəsilə təhlükəli qarışıq miqrasiya halları, komitə metodunun tətbiqi məsələləri də sessiyada müzakirə olunub.