“Exxon Mobil” şirkəti Norveç sahillərindəki neft-qaz yataqlarının ona məxsus səhm paketlərini satmağa hazırlaşır

92

Dünyada ən böyük neft şirkəti olan “Exxon Mobil” Norveç sahillərindəki neft-qaz yataqlarının ona məxsus səhmlərin hamısını satmağa hazırlaşır.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, dünyada ən böyük neft şirkəti olan “Exxon Mobil” iki il bundan əvvəl həmin rayonda özünün iri aktivlərini satıb, lakin 20-dən çox yataqda, o cümlədən “Snorre” yatağında paylarını saxlayır. Şirkətin mətbuat katibi Enn Fuqner deyib: “Bir neçə şirkət tərəfindən bizim səhmlərə maraq göstəriləndən sonra şirkət Norveçdəki yataqlar portfelinə bazarda marağı yoxlamaq üçün bu məlumatları açıqlamağı qərara alıb”. E.Fuqner daha sonra bildirib ki, səhmlərin satılması barədə qərar hələ qəbul edilməyib.

Bir sıra özəl şirkətlər, o cümlədən “Okea”, həmçinin “Aker BP” və “DNO” müstəqil neft şirkətləri bu il Norveçin kontinental şelfində daha çox aktiv almaq istəyirlər.

Ekspertlərin fikrincə, şirkətin regiondakı aktivlərinin dəyəri 3-4 milyard dollara bərabərdir.

Norveçin “Okea” neft şirkətinin icraçı direktoru Erik Xauqane bu həftə Reuters agentliyinə bildirib ki, 10 ildən sonra Norveçin “Equinor” şirkəti istisna olmaqla bütün iri neft şirkətləri bu ölkənin kontinental şelfini tərk edəcəklər. Amerikanın ən iri neft şirkəti olan “Chevron” keçən il Norveçin ofşor lisenziyasında özünün sonuncu payını satıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır