“Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu” üzrə dördtərəfli işçi qrupunun ilk iclası olub

77

Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan, Türkmənistan, Gürcüstan və Rumıniya arasında “Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu” üzrə yaradılması planlaşdırılan dördtərəfli işçi qrupunun ilk iclası keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Dövlət Gömrük Komitəsi, Xarici İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası, o cümlədən Türkmənistan, Gürcüstan və Rumıniyanın aidiyyəti qurumlarının nümayəndələri iştirak edib. İclasda “Xəzər Dənizi – Qara Dəniz beynəlxalq nəqliyyat marşrutu” layihəsi çərçivəsində regional olaraq dəhlizlərin və infrastrukturun inkişafı, prosedurların, eləcə də tariflərin, visa xidmətlərinin, ödəmə metodlarının sadələşdirilməsi istiqamətində məsələlər müzakirə edilib.

Tədbirdə Azərbaycan ekspertlər qrupunun rəhbəri qismində çıxış edən Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov gömrük sistemində həyata keçirilən son islahatlar barəsində geniş məlumat verib. Bildirilib ki, “Yaşıl Dəhliz” konsepsiyası, “Bir pəncərə” prinsipi, elektron bəyanetmə, qısa idxal bəyannaməsinin təqdimi istiqamətində görülən işlərin “Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu” layihəsi kontekstində prosedurların sadələşdirilməsi, tranzit rəqabətqabiliyyətliliyinin artırılması və ümumilikdə ticarətin asanlaşdırılmasında mühüm rol oynacaq.

Baş İdarə rəisi Dövlət Gömrük Komitəsinin Maersk və IBM şirkəti tərəfindən birgə işlənib hazırlanmış, blokçeyn texnologiyasına əsaslanan təchizat zənciri platforması olan “TradeLens”ə qoşulması barədə də iclas iştirakçılarını məlumatlandırıb.

S.Qaralov Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi və “CAREC” proqramı çərçivəsində Azərbaycan, Qazaxıstan və Gürcüstanın iştirakı ilə elektron tranzit prosedurlarının tətbiqini nəzərdə tutan layihələr barədə də danışıb.

Qeyd edilib ki, bu kimi islahatlar sərhəd idarəçiliyi mexanizminin təkmilləşdirilməsi və gömrük nəzarətinin səmərəliliyinin artırılmasına əlverişli şərait yaratmaqla yanaşı, malların və nəqliyyat vasitələrinin gömrük-sərhəd buraxılış məntəqələrindən sürətli keçidinin təmin edilməsində əvəzsiz rol oynayacaq.

Tədbirdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır