Ötən gün Rusiya Hərbi Dəniz Qüvvələrinə aid sualtı gəmidə baş verən və 14 nəfərin ölümünə səbəb olan yanğınla bağlı rəsmi açıqlama verilib.
Publika.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov hadisənin dövlət sirri olduğunu və detalları ictimaiyyətlə paylaşmayacaqlarını deyib.
Mətbuat katibi bildirib ki, prezident Vladimir Putinin hadisə ilə bağlı bütün bilgilərdən xəbəri var: “Dövlətin milli maraqlarının və təhlükəsizliyinin qorunması baxımından bilgilərin ictimaiyyətlə bölüşülməməsi qanundankənar deyil. Son dərəcə normaldır”.
Peskov yanan sualtı gəmidə nüvə reaktorunun olmasına dair verilən suala isə “Bu, Rusiya Müdafiə Nazirliyinin məsələsidir” cavabını verib.
Qeyd edək ki, ötən gün Müdafiə Nazirliyi okeanda araşdırma aparan gəmidə yanğın çıxdığını açıqlamışdı. Rusiya mətbuatında gedən xəbərə görə isə, yanğın “Loşarik” adlı nüvə enerjisi ilə işləyən kəşfiyyat sualtı gəmisində baş verib.