4 iyul – Beynəlxalq Əsir Delfinlər Günüdür

81

4 iyul – Beynəlxalq Əsir Delfinlər Günüdür. Bu gün 2009-cu il iyulun 4-də Avropa Heyvan Rifahı Qrupu İttifaqı tərəfindən keçirilən kampaniya çərçivəsində qeyd edilməyə başlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, Avropa İttifaqı ərazisində 33 delfinariya var və burada 6 müxtəlif növdən 290 dəniz məməlisi saxlanılır. Sayına görə ən çox delfinariya İspaniyadadır (11).

Delfinlərin dünyada 40-dan çox növü var. Cəld və sürətlə üzən delfinlər inkişaf etmiş səs siqnalizasiyasına və bu siqnalları qəbuletmə sistemlərinə malikdir. Alimlər müəyyən ediblər ki, delfinlərin bir-biri ilə ünsiyyət qurması üçün 14 minə qədər səs siqnalından ibarət “lüğət ehtiyatları” var. Onların səmtbilmə qabiliyyətləri çox yaxşı inkişaf edib. Belə ki, delfinlər şaqqıltılı səslər və ya ucadan qırıq-qırıq fit səsinə oxşar ultrasəslər buraxır və balıqlara toxunub qayıdan həmin səsləri tutmaqla ovlarını tapırlar. Delfinlər gec böyüyür və 20-30 ilə qədər yaşayırlar.

Həmin dəniz canlıları dünya faunasının “ən zəkalı”ları sırasındadırlar.