“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə ABŞ rəsmiləri ilə görüş keçirilib

213

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Amerika Birləşmiş Ştatlarından olan rəsmilərlə görüş keçirilib.

“Report”un ASCO-ya istinadən verdiyi xəbərə görə, görüşdə 2015-2018-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərmiş Robert Sekuta, ABŞ-ın Birləşmiş Ehtiyat Qüvvələrinin rəhbəri kontr-admiral Ron Maklaren, Xəzər Araşdırma Mərkəzinin direktoru Əfqan Niftiyev iştirak ediblər.

ASCO sədri Rauf Vəliyev bildirib ki, Azərbaycanda son illər nəqliyyat sisteminin inkişafı istiqamətində ciddi layihələr həyata keçirilir. Reallaşdırılan layihələr hesabına Azərbaycan sürətlə iri tranzit və logistik mərkəzə çevrilir.

Görüş zamanı beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində ASCO-nun tutduğu mövqe, onun yenilənən donanmalarının fəaliyyəti, Transxəzər Beynəlxaq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində Gəmiçiliyin gördüyü işlər haqqında da  məlumat verilib. R.Vəliyev bildirib ki, Xəzərdə nəqliyyat və ixtisaslaşmış donanmaları ilə dəniz nəqliyyatı xidmətləri göstərən ASCO bir bazardan asılılığı aradan qaldırmaq üçün 2014-cü ildən Qara və Aralıq dənizi hövzəsində də fəaliyyətini bərpa edib.

Məlumat verilib ki, ASCO dünyanın nüfuzlu təsnifat şirkəti olan Amerika Gəmiçilik Bürosu (ABS) və audit şirkəti “Ernst & Young”la da əməkdaşlıq edir. Bu şirkətlərin təqdim etdikləri sertifikat, o cümlədən hazırladıqları hesabatlar şəffaflıq prinsipinə əsasən ASCO-nun rəsmi internet səhifəsində yerləşdirilir.

Ətraflı təqdimat üçün minnətdarlığını bildirən ABŞ-dan olan qonaqlar Azərbaycanın nəqliyyat-logistika, tranzit imkanlarının genişləndirilməsi istiqamətində gördüyü işləri müsbət qiymətləndiriblər.