Cəbəllütariq muxtar hökumətində saxlanılan və Suriyaya neft nəqlində şübhəli bilinən İspaniyaya məxsus tanker İran xam neftini daşıyırmış.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın İrandakı səfiri Rob Macaire İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Cəbəllütariq muxtar hökumətinin başçısı Fabian Picardo hökumət qüvvələrinin neftin Suriyaya çatdıracağından şübhələndikləri tankeri saxladığını və yükün nəzarətə götürüldüyünü deyib. “Grace 1” tankeri Avropa İttifaqının (Aİ) Suriyaya tətbiq etdiyi sanksiyaları pozduğuna görə Böyük Britaniya dəniz qüvvələrinin iştirakı ilə saxlanılıb.
İspaniyanın Xarici İşlər naziri Josep Borrell əməliyyatın ABŞ-ın Britaniyadan istəyi əsasında həyata keçirildiyini deyib.
İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Musəvi isə “Twitter” səhifəsində yazıb ki, tanker Britaniya dəniz qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılıb.
Xatırladaq ki, Aİ 2011-ci ilin sonunda Suriyaya qarşı sanksiya qərarı qəbul edib və neft embarqosu daxil olmaqla sanksiyaların müddəti 2020-ci il iyunun 1-də uzadılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır