Azərbaycan XİN-lə Rusiya XİN arasında məsləhətləşmə oldu – Xəzərlə bağlı

79

İyulun 4-də Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizi məsələlərinə dair ikitərəfli məsləhətləşmələr keçirilib.

DenizXeber.az  Azərbaycan Xarici İşlər Nazirliyinə istinadla bildirir ki, iclasda ölkəmizi Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Rusiya tərəfini Rusiya Federasiyası Prezidentinin MDB İştirakçı-Dövlətləri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov təmsil edib.

Məsləhətləşmələr zamanı tərəflər arasında Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclasının gündəliyində duran məsələlərlə bağlı müzakirələr baş tutub və Xəzər dənizində düz çıxış xətlərinin müəyyən olunması metodikası haqqında Saziş layihəsində açıq qalan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin məsləhətləşmələr çərçivəsində Xarici İşlər nazirinin müavini X.Xələfov ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin MDB ölkələri 4-cü Departamentinin direktoru Denis Qonçar arasında görüş keçirilib.

Görüşdə Azərbaycan-Rusiya əməkdaşlığının strateji xarakter daşıdığı bildirilib, ikitərəfli əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə edilib və əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.