21 aydır Türkiyədə gəmidə qaldığı deyilən azərbaycanlıdan XƏBƏR VAR

1428

Sosial şəbəkələrdə Zakir adlı azərbaycanlının Türkiyədə 21 aydır gəmidə qalması barədə məlumat yayılıb.

İddia olunur ki, həmin şəxs “Twitter” hesabında azərbaycanlı olduğunu, 21 aydır Haydarpaşa limanında “Alize” adlı gəmidə qaldığını yazıb. O, gəmi sahibindən pul və yemək də ala bilmədiyini, pasportunun polis tərəfindən əlindən alındığını deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar yalnışdır:

“Sosial şəbəkələrdə Türkiyədəki soydaşımızla bağlı yayılan məlumata dair qeyd etmək istərdik ki, sözügedən şəxs – Zakir Mikayıl oğlu Məmmədov Azərbaycanın İstanbuldakı Baş konsulluğu ilə əlaqə saxlayaraq onun haqqında sosial şəbəkələrdə yayılan məlumatların həqiqəti əks etdirmədiyini və şəxsən sosial şəbəkələrdən istifadə etmədiyini bildirib.

Baş konsulluğumuz sözügedən şəxslə bundan öncə bir neçə dəfə təmasda olub və ona ölkəyə qayıtmaqla bağlı yardım təklif edilib. Baş konsulluq bundan sonra da vətəndaşımıza ölkəyə qayıdışla bağlı müvafiq yardım göstərməyə hazırdır”.