Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bakı Limanının fəaliyyəti ilə tanış olub

133

İyulun 24-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Tao Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin fəaliyyəti ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Çin əlaqələrinin yüksələn inkişafından söz açıb. Bildirib ki, Azərbaycan ilə Çin arasında bütün sahələrdə yüksək səviyyədə əməkdaşlıq mövcuddur. 2015-ci il dekabrın 9-11-də Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri zamanı hər iki ölkə arasında imzalanan 10 sənəd qarşılıqlı dostluq əlaqələrinin bariz nümunəsidir. Bu sənədlər içərisində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nu xüsusi qeyd etmək olar. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk ölkələrdəndir. Həmçinin bu ilin aprelində isə Prezident İlham Əliyev “Bir kəmər, bir yol” Beynəlxalq Forumunda iştirak üçün Çinə rəsmi səfər edib. Səfər Azərbaycan ilə Çin əməkdaşlığının daha da genişlənməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Çinin Sian şəhərindən yola düşən blok qatarının iyulun 6-da Bakıya çatdığını xatırladan nazir iki ölkənin iqtisadi cəhətdən möhkəm əlaqələrə malik olduğunu deyib. Qeyd edib ki, ötən il Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 300 milyon dollardan çox olub. Azərbaycan Avropa və Asiyanı əlaqələndirən nəqliyyat dəhlizi və öz strateji mövqeyi ilə nəqliyyat və logistika qovşağı kimi əhəmiyyətli rol oynayır. Ölkəmiz Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərin üzərində yerləşməklə geniş tranzit imkanı yaradır.

“Azərbaycan və Çin partiyaları arasında da əməkdaşlıq yüksək səviyyədə inkişaf edir. Parlamentlərarası dostluq münasibətləri mövcuddur. İqtisadi sahədə əlaqələrimiz genişlənir. Azərbaycanın böyük potensialı var. Çin şirkətləri üçün burada əlverişli biznes mühiti mövcuddur. Çin şirkətləri ilə görüşlər keçirilir, yeni investisiyalar üçün bütün imkanlar yaradılır. Gələcəkdə ticarət dövriyyəsinin, qarşılıqlı investisiyaların qoyuluşunun daha da artacağına inanırıq”, – deyə nazir Ş.Mustafayev vurğulayıb.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Tao ölkəsinin Azərbaycan ilə əməkdaşlığından məmnun olduğunu diqqətə çatdırıb. İki ölkə arasında iqtisadi əlaqələrdən danışan qonaq Azərbaycanın kənd təsərrüfatı məhsullarının Çinə idxalında maraqlı olduqlarını söyləyib. Bildirib ki, Çinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycanla əməkdaşlıq daha da genişlənəcək. Qarşılıqlı investisiyaların qoyuluşu, iqtisadi əlaqələr növbəti illərdə ticarət dövriyyəsini daha da artıracaq. Çin Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov yeni Bakı Limanının fəaliyyəti, iş prinsipi barədə qonağı məlumatlandırıb. Bildirib ki, nəqliyyat dəhlizləri üzrə ölkəyə daxil olan yüklər yeni liman kompleksində toplanır, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilərlə şərq istiqamətində daşınır. Yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazidə sərbəst iqtisadi zona yaradılır. Bu, mühüm nəqliyyat qovşağı olan limanı tranzit və daşımalar üçün daha geniş imkanlarla təmin edəcək.

Limanın keçdiyi tarixi dövrdən və hazırda gördüyü işlərdən söz açan baş direktor Bakıda yerləşən bir çox şirkətlərin daşımaları bu liman vasitəsilə həyata keçirdiklərini söyləyib. Qeyd edib ki, hazırda qeyri-neft sektorunun inkişafına və logistika sahəsinə göstərilən diqqət nəticəsində bu limanın əhəmiyyəti daha da artıb. Müasir texnoloji həllərin tətbiq olunduğu limanda professional işçi kollektivinin formalaşması istiqamətində atılan addımları da qonağın diqqətinə çatdırıb.

T.Ziyadov qeyd edib ki, liman Çin hökuməti ilə yaxından əməkdaşlıq edir, keçən il 34 ədəd yükqaldırıcı və yüknəqledici avadanlıqlar (avtoyükləyicilər, teleskopik konteyner yükləyicisi, çətin relyefli kran və sair) quruma hədiyyə olunub. Bundan başqa, son 2 ildə 30-dək liman əməkdaşı Çində qısa və uzun müddətli təlimlərdə iştirak edib, hazırda iki əməkdaş magistratura təhsili almaqdadır.

Sonra qonaq limanda yaradılan infrastrukturla tanış olub.

İqtisadiyyat naziri Ş.Mustafayev məlumat verib ki, liman 400 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Müasir dövrün ən son mühəndislik yeniliklərindən olan dəmir-beton konstruksiyalı istinad divarının uzunluğu isə 1777 metr təşkil edir. Limanda Ro-Ro tipli gəmilər üçün 2 körpü, 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı, 2 bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. Limanda xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni vaxtda 11 gəmi yan ala bilər. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Növbəti mərhələdə liman 17 körpüsü ilə 25 milyon ton yük, o cümlədən 500 min konteyner yükaşırma imkanına malik olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır