Baş nazir: “Anaklia limanı olmadan Gürcüstan özünün tranzit potensialını tam reallaşdıra bilməyəcək”

468

“Anaklia layihəsinin bizim üçün strateji əhəmiyyəti var və biz əlimizdən gələni edəcəyik ki, Gürcüstanın dərin dəniz limanı olsun”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dərin dəniz limanı olmadan Gürcüstan özünün tranzit potensialını tam reallaşdıra bilməyəcək: “Buna görə də bu layihənin strateji önəmi var. Anaklia layihəsi həyata keçirilməlidir və keçiriləcək”.

Qeyd edək ki, Anaklia dərin dəniz limanının fundamenti 2017-ci ildə qoyulub. Limanın 2021-ci ildən fəaliyyətə başlayacağı nəzərdə tutulur. Son illər hökumət və investorlar arasında Anaklia ilə bağlı fikir ayrılıqları yarandığından layihənin təxirə salınacağı bildirilirdi.

2017-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Anaklia limanı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bu yaxınlarda Fransanın “Eiffage” şirkəti Anaklia dərin dəniz limanının baş inşaatçısı seçilib.